Milli Məclis sədrinin müavini Adil Əliyev Qazaxıstanda beynəlxalq parlament konfransında iştirak edib
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev Qazaxıstanın Birinci Prezidenti Gününə həsr olunmuş “Elbası. Müstəqillik. Parlament” adlı beynəlxalq parlament konfransında iştirak edib.
Elbası Nursultan Nazarbayevin ümumxalq seçkisi ilə Qazaxıstanın birinci prezidenti seçilməyinin 30 illiyi ərəfəsində təşkil edilmiş beynəlxalq tədbirdə çıxış edən Adil Əliyev ölkələrimiz arasındakı dostluq münasibətlərinin tarixi kökləri və buğunu barədə danışıb. Bildirib ki, ölkələrimiz arasında Qazaxıstanın Birinci Prezidenti - Elbası Nursultan Nazarbayev və Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş mehriban qonşuluq, qarşılıqlı etimad və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üzrə uzunmüddətli strategiya bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edib ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası ikitərəfli münasibətlərimizdə xüsusi rol oynayır. Türk Şurasının adının dəyişdirilərək Türk Dövlətləri Təşkilatı adlandırılması isə, şübhəsiz ki, təşkilatın statusunu daha da yüksəldəcək.
Vitse-spiker iki ölkə arasındakı münasibətlərin inkişafında Türkdilli Ölkələrin Parlament Assambleyasının xüsusi rolunu da qeyd edib. Bildirib ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovanın başçılıq etdiyi nümayəndə heyətinin TürkPA-nın 10-cu plenar iclasında iştirak etmək üçün bu ilin sentyabrında Türküstan şəhərinə işgüzar səfəri, eləcə də Nur-Sultan şəhərinə rəsmi səfəri ölkələrimizin parlamentlərarası əməkdaşlığının inkişafına xüsusi təkan verdi.
Beynəlxalq konfransdan sonra vitse-spiker Adil Əliyev Qazaxıstan Parlamenti Məclisinin sədri Nurlan Niqmatulinlə görüşərək ikitərəfli parlamentlərarası əməkdaşlıq barədə müzakirələr aparıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi