Milli Məclisdə büdcə zərfindəki üç qanun layihəsi ikinci oxunuşda qəbul edilib
Noyabrın 23-də Milli Məclisin sədri Sahibə Qafarovanın sədrliyi ilə parlamentin növbəti plenar iclası keçirilib. Büdcə zərfinin ikinci oxunuşda müzakirəyə çıxarıldığı iclasda hökumət üzvləri də iştirak ediblər.
İclasda 24 məsələdən ibarət gündəlik təsdiqləndikdən sonra cari məsələlərin müzakirəsinə başlanıb. Bir sıra mühüm məsələlərə toxunan deputatlar Soltan Məmmədov, Qüdrət Həsənquliyev, Hikmət Məmmədov, Aydın Mirzəzadə, Tural Gəncəliyev, Razi Nurullayev, Zahid Oruc, Fazil Mustafa, Tahir Kərimli, Siyavuş Novruzov əsasən, bu günlərdə Fransa Senatında rəsmi şəxslərin erməni separatçılarını qəbul etməsini kəskin qınayıblar. Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərindəki separatçıların Fransanın bəzi rəsmiləri səviyyəsində “rəsmi qonaq – nazir və parlament spikeri” kimi qəbul edilməsi qətiyyətlə pislənilib. Bu hadisə post-müharibə dövründə Cənubi Qafqazda yaranmış yeni reallıqları düzgün qiymətləndirməməyin və ikili standartların təzahürü, bölgədə sülhün gəlişini əngəlləməyə hesablanmış qərəzli addım kimi dəyərləndirilib. Bildirilib ki, bu kimi hallar Cənubi Qafqazdakı yeni reallıqlar şəraitində Fransanın əməkdaşlıq imkanlarını məhdudlaşdırır.
Sonra gündəlikdəki məsələlərin müzakirəsinə başlanıb. Spiker Sahibə Qafarova xatırladıb ki, ikinci oxunuşda parlamentə təqdim olunmuş 24 məsələdən 22-si gələn ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələridir.
Plenar iclasda ikinci oxunuşa təqdim olunmuş qanun layihələrinə bu oxunuşun prosedur qaydalarına uyğun surətdə baxılıb.
“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” (ikinci oxunuş) məsələni təqdim edən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib ki, qanun layihəsi barədə birinci oxunuş zamanı həm hökumət üzvləri, həm də parlamentarlar tərəfindən ətraflı məlumat verilib. Plenar iclasda birinci oxunuş zamanı müzakirələrdə 28 deputat çıxış edib. Büdcə zərfinə daxil olan qanun layihələrinin ikinci oxunuş üçün komitələrdə müzakirəsi geniş formada təşkil edilib. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında bütün komitələrin deputatlarının və aidiyyəti dövlət orqanlarının iştirakı ilə ətraflı müzakirələr aparılıb və sənədə müsbət rəy verilib. İclasda həmçinin deputatları maraqlandıran bir sıra məsələlərə aydınlıq gətirilib, suallara cavab verilib.
Layihədə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi gəlirlərinin 26 milyard 816 milyon manat, xərclərinin isə 29 milyard 879 milyon manat məbləğində nəzərdə tutulduğunu xatırladan komitə sədri büdcədəki bir sıra mühüm göstəriciləri də təkrarən yada salıb. Parlamentin komitə və plenar iclaslarında aparılan geniş və peşəkar müzakirələri Milli Məclislə hökumət arasında olan səmərəli əməkdaşlığın mühüm göstəricisi kimi dəyərləndirib. Bir daha əminliyini bildirib ki, 2022-ci ilin dövlət büdcəsi dövlətin növbəti ildə ölkəmizin qarşısında duran hədəflərə çatmasına və yaranacaq çağırışlara cavab verməsinə lazımi maliyyə imkanı yaradacaq.
Sonra iclasda müzakirələr başlanıb. “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə ikinci oxunuşda münasibət bildirən Vüqar Bayramov, Tahir Kərimli, Sabir Rüstəmxanlı, Elşad Mirbəşir oğlu, Jalə Əliyeva, Bəxtiyar Əliyev, Tahir Rzayev, Naqif Həmzəyev, Aydın Hüseynov, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Fazil Mustafa, Cəbi Quliyev, Səttar Möhbalıyev, Eldar İbrahimov, Sadiq Qurbanov, İltizam Yusifov, Tural Gəncəliyev, İsa Həbibbəyli, Etibar Əliyev, Azər Kərimli, Aqil Məmmədov qanun layihəsi barədə rəy və təkliflərini hökumət üzvlərinin diqqətinə çatdırıblar. Təmsil etdikləri bölgələrdəki problemlərin həllinin büdcədə nəzərə alınmasına çalışıblar. İnflyasiya, süni qiymət artımı, bahalaşma, inhisarçılıq, xüsusən regionlarda infrastruktur layihələrinin həyata keçirilməsi, investisiyaların səmərəliyinin artırılması və s. ilə bağlı məsələ qaldırıblar.
Çıxışlarda müstəqillik tariximizin ən böyük həcmli büdcəsi olan 2022-ci ilin dövlət büdcəsi Azərbaycanın iqtisadi gücünün və potensialının, gələcək üçün atılacaq addımların sübutu kimi qiymətləndirilib. Bildirilib ki, xüsusilə gəlirlər və xərclər istiqaməti üzrə büdcə rasional şəkildə tərtib olunub. Milli prioritetlər olaraq müəyyənləşdirilmiş bütün sahələrin inkişafı üçün vacib məsələlər, eləcə də dünyada gedən proseslərlə əlaqədar yeni çağırışlar nəzərə alınıb.
Qeyd olunub ki, Böyük Qayıdış ilinin büdcəsi olmaqla 2022-ci ilin büdcəsi böyük ictimai-siyasi və tarixi əhəmiyyətə malikdir. Yeni büdcə zərfində əvvəlki illərdə olmayan bir çox yeniliklər öz əksini tapıb. Azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılması üçün 2,2 milyard manat vəsaitin ayrılması həm xalqımız tərəfindən böyük rəğbətlə qarşılanıb, həm də beynəlxalq miqyasda işgüzar dairələrin ciddi marağına səbəb olub.
Sonra iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova, maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov çıxış edərək büdcə zərfi ilə bağlı deputatların qaldırdıqları məsələlərə aydınlıq gətiriblər, suallara cavab veriblər.
Səsvermə zamanı 17 maddədən ibarət olan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi Milli Məclisdə ikinci oxunuşda qəbul olunub.
Sonra iclasda “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinə (ikinci oxunuş) baxılıb. Məsələni təqdim edən Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev bildirib ki, qanun layihəsində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il üçün gəlirləri və xərcləri bərabər olmaqla 5 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin göstəricisindən 429 milyon manat və ya 8,8 faiz çoxdur.
Komitə sədri nəzərə çatdırıb ki, birinci oxunuşda büdcənin gəlirləri və xərcləri ilə əlaqədar bütün parametrləri, proqnozları və büdcə ilə bağlı təkliflər ətraflı səsləndirilib. İkinci oxunuş zamanı komitə iclasında da qanun layihəsinin mətninə heç bir dəyişiklik olunmayıb.
Plenar iclasda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov məşğulluq məsələləri, regionlarda yeni iş yerlərinin yaradılması və s. ilə bağlı deputatların qaldırdıqları məsələlərə ətraflı şərh verib, konkret faktlara istinadən görülmüş işləri deputatların nəzərinə çatdırıb.
Deputatlar 6 maddədən ibarət “Dövlət sosial müdafiə fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsinə ikinci oxunuşda müsbət münasibət bildiriblər.
Sonra iclasda Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirib ki, İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 180 milyon 375 min 536 manat məbləğində nəzərdə tutulub. Deputatlar müzakirə zamanı layihəni dəstəkləyiblər, mətndə dəyişiklik yoxdur.
Müzakirə zamanı deputat Əli Məsimli ölkədə işsizliyin faizi ilə bağlı fikir və mülahizələrini bölüşüb.
Sonra 5 maddədən ibarət “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub.
Bununla da Milli Məclisin növbəti iclası başa çatıb.
Sabah Milli Məclisdə büdcə zərfindəki qanun layihələrinin ikinci oxunuşda müzakirələri davam etdiriləcək.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi