Milli Məclisdə görüş

Tədbirlər
23 noyabr 2021 | 18:26   
Paylaşın:        

Noyabrın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini Sevinc Fətəliyeva Avropa İttifaqının Dialoq layihəsinin nümayəndələri ilə görüşüb.

Qonaqları salamlayan Sevinc Fətəliyeva onlara Azərbaycanın Vətən müharibəsində əldə etdiyi Zəfərdən sonra bölgədəki mövcud situasiya, azad edilmiş Azərbaycan torpaqlarında Ermənistanın 30 illik işğalının acı nəticələri, regionda yaranan yeni reallıqlar və əməkdaşlıq imkanları barədə məlumat verib.

Avropa İttifaqının Dialoq layihəsinin qrup rəhbəri Tanya Tamminen Avropa İttifaqının Dialoq layihəsi və rəhbərlik etdiyi qrupun işi barədə məlumat verib. Bildirib ki, hazırda onlar Cənubi Qafqazda sülhün dəstəklənməsi ilə bağlı müxtəlif təşəbbüslər üzərində işləyirlər. Tanya Tamminen Ermənistan və Azərbaycan arasındakı müharibədən sonra Cənubi Qafqazda sülhün bərqərar olması üçün dialoqun reallaşmasına cəhdlər göstərməyin və yeni təşəbbüslər irəli sürməyin əhəmiyyətindən danışıb. Müxtəlif sahələrdə, müxtəlif səviyyələrdə reallaşa biləcək dialoqun önəmini vurğulayıb.

Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan həmişə dialoqa sadiq olub. Bu dialoq müxtəlif mövzularda təşkil edilə bilər, lakin ilk növbədə məsələnin siyasi istiqamətdə həlli vacibdir. O, Azərbaycanın torpaqlarını qəti qələbə nəticəsində Ermənistanın işğalından azad etdikdən sonra da maksimum konstruktivlik nümayiş etdirərək qarşı tərəfə humanist yanaşması, əməkdaşlıq və sülh təklifləri barədə məlumat verib. Ermənistanın öz öhdəliklərini yerinə yetirməsinin vacibliyini önə çəkən Milli Məclisin deputatı bildirib ki, müharibənin bitməsindən bir ildən çox müddət keçməsinə baxmayaraq Ermənistan bu istiqamətdə real addımlar atmayıb.

Sonra görüşdə tərəfləri maraqlandıran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU