İQTİSADİ SİYASƏT KOMİTƏSİNDƏ

Komitə iclasları
23 noyabr 2012 | 03:11   
Paylaşın:        

Noyabrın 23-də Milli Məclisin İqtisadi siyasət komitəsinin iclasında “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsi ətraflı müzakirə  olundu.
İclasda komitənin sədri Ziyad Səmədzadə bildirdi ki, layihə təşəbbüskarlıq qaydasında deputat Xanhüseyn Kazımlı tərəfindən təqdim olunub. Bu, Azərbaycan cəmiyyəti və iqtisadiyyatı üçün çox vacib sənəddir. Köhnə qanunun qəbulundan 14 il keçir. Ötən müddətdə həyatımızda böyük dəyişikliklər baş verib, ona görə də bir sıra iqtisadi proseslərin tənzimlənməsi üçün yeni qanuna ciddi ehtiyac var.
Sonra komitənin üzvü Xanhüseyn Kazımlı “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsini geniş şərh etdi. Layihəyə görə, bu qanun dövlətə, bələdiyyələrə, fiziki və ya hüquqi şəxslərə məxsus olan əmlakın, həmçinin əmlak hüquqlarının qiymətləndirilməsi üzrə müstəqil qiymətləndirmə sisteminin yaradılmasının, qiymətləndirmə fəaliyyətinin həyata keçirilməsinin və nəticələrindən istifadə olunmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edir. Sənəddə qiymətləndirmə obyektləri və onların bazar dəyərinin müəyyənləşdirilməsi prezumpsiyası, qiymətləndiricinin hüquq və vəzifələri, Qiymətləndiricilər Palatasının təsis edilməsi, şikayət və ya qanun pozuntusu olduğu halda qiymətləndirici barəsində intizam tənbehi tədbirlərinin görülməsi və digər məsələlər öz əksini tapıb.
Məlumat dinlənildikdən sonra komitədə müzakirələr başlandı. Deputatlar Vahid Əhmədov, Əli Məsimli, Cavid Qurbanov layihənin müsbət cəhətlərini qeyd etməklə yanaşı irad və təkliflərini də bildirdilər. İclasa dəvət olunmuş mütəxəssislərdən Vergilər Nazirliyinin, Əmlak Komitəsinin, İqtisadi İnkişaf Nazirliyinin, Mərkəzi Bankın və Qiymətləndiricilər Cəmiyyətinin məsul nümayəndələri qanun layihəsi barədə fikirlərini açıqladılar, bir sıra səmərəli təkliflər irəli sürdülər.
Geniş fikir mübadiləsinin yekununda iclasda səslənmiş təkliflər nəzərə alınmaq şərti ilə sənədin daha da təkmilləşdirilməsi üçün  işçi qrupu yaradıldı və “Qiymətləndirmə fəaliyyəti haqqında” yeni qanun layihəsinin rəy üçün əlaqədar qurumlara göndərilməsi qərara alındı.

 

Milli Məclisin
Mətbuat xidməti



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU