Göyçayda şəhidlərin əziz xatirəsi yad edilib

Tədbirlər
26 noyabr 2021 | 14:01   
Paylaşın:        

Milli Məclisin deputatı Məzahir Əfəndiyev Vətən müharibəsində şəhid olmuş igidlərimizdən Babək Mətləb oğlu Səmidlinin Göyçay rayonunda keçirilən anım mərasimində iştirak edib. Mərasimdə şəhid Babək Səmidlinin Göyçay rayon Şəhidlər Xiyabanında məzarı ziyarət olunub, ruhuna dualar oxunub, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi böyük ehtiramla yad edilib.

Sonra deputat Məzahir Əfəndiyev Göyçay şəhər 6 saylı Tam Orta Məktəbində şəhid Vasif Əlibala oğlu Məmmədovun doğum günü münasibətilə keçirilən tədbirdə iştirak edib. Burada çıxış edən millət vəkili Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyini, əzmini və Prezident İlham Əliyevin Ali Baş Komandanlığı altında müzəffər Azərbaycan Ordusunun şəhidlərimizin qanını yerdə qoymadığını vurğulayıb.

Həmçinin deputat Göyçayda şəhid polkovnik-leytenant Vidadi Vaqif oğlu Xəlilovun və şəhid əsgər Maarif Rahim oğlu Həsənovun ailələrini ziyarət edib. Ziyarətlər zamanı vətən torpaqlarının düşmən tapdağından azad edilməsi üçün canlarını fəda etmiş şəhidlərin keçdiyi döyüş yolundan və  döyüşlərdə göstərdikləri şücaətlərindən danışılıb.

Deputat şəhid ailələrinin qayğıları ilə maraqlanıb, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdikləri yüksək diqqət və qayğıdan danışıb.

 

***

 

Qeyd edək ki, şəhid polkovnik Babək Səmidli Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən ölümündən sonra "Zəfər" ordeni, “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid əsgər Vasif Əlibala oğlu Məmmədov “Vətən uğrunda”, "Cəsur döyüşçü", “Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə", “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Şəhid polkovnik-leytenant Vidadi Vaqif oğlu Xəlilov Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni,  “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Laçının azad olunmasına görə” medalları ilə təltif edilib.

Şəhid əsgər Maarif Rahim oğlu Həsənov Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, ölümündən sonra “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU