Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə nümayəndə heyətimiz Parlamentlərarası İttifaqın növbəti toplantısında və Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak edəcək

Sədrin səfərləri
26 noyabr 2021 | 17:54   
Paylaşın:        

Noyabrın 26-da Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə nümayəndə heyətimiz Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında və Assambleya çərçivəsində Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında iştirak etmək üçün İspaniyanın paytaxtı Madrid şəhərinə səfər edəcək.

Nümayəndə heyətinin tərkibinə deputatlardan Nigar Arpadarai, Kamran Bayramov, Qüdrət Həsənquliyev, Elnur Allahverdiyev, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Parlamentlərarası İttifaqın 143-cü Assambleyasında müzakirə olunan məsələlərə nümayəndə heyətimiz öz münasibətini bildirəcək, qeyd və təkliflərini verəcək. Assambleya çərçivəsində Azərbaycan tərəfinin təşəbbüsü ilə keçiriləcək Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasında Milli Məclisin sədri Sahibə Qafarova çıxış edəcək, tədbirdə iştirak edən nümayəndə heyətləri başçılarının müraciətləri dinləniləcək.

Səfər çərçivəsində Milli Məclis sədrinin tədbirlərdə iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Səfər noyabrın 29-da başa çatacaq.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU