Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsi təsis edilib
Noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsünə uyğun olaraq Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclası keçirilib. 50-yə yaxın ölkədən 200-ə qədər nümayəndənin iştirak etdiyi təsis iclasını Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova açıb.
Açılış çıxışında iclas iştirakçılarını salamlayan spiker Sahibə Qafarova qeyd edib ki, biz bu gün 60 il ərzində araşdırılmamış qalan bir ölçünün – üzv ölkələr arasında əməkdaşlığın parlament ölçüsünün əsasını qoyuruq. 60 il əvvəl bu forumu yaradan Qoşulmama Hərəkatınını təsisçilərinin məqsədi Bandunq prinsiplərinə tam uyğun olaraq, bütün xalqların dinc yanaşı yaşamasına və davamlı inkişafına töhfə vermək idi. Onların uzaqgörənliyi və məqsədyönlülüyü beynəlxalq ictimaiyyətin həmfikir üzvlərinin birləşməsinə və üzv dövlətlərin sayına görə dünyada ikinci ən böyük beynəlxalq təsisatın yaranmasına səbəb olub.
Milli Məclisin sədri qeyd edib ki, hazırda bəşəriyyət son dərəcə çətin günlərdən keçir. Ayrı-seçkiliyin, irqçiliyin və ksenofobiyanın, beynəlxalq hüquqa etinasızlıqla müşayiət olunan siyasi gərginlik və böhranların artması, hələ də davam edən COVİD-19 pandemiyası və onun sosial-iqtisadi mühitə mənfi təsirləri, iqlim dəyişikliyi və digər qlobal miqyaslı çağırışlar bütün dünyada səylərin multikulturalizm, beynəlxalq əməkdaşlıq və həmrəylik ruhunda səfərbər olunmasını zəruri edir.
İclasda Sahibə Qafarova COVİD-19 pandemiyasına qarşı mübarizə sahəsində Qoşulmama Hərəkatı adından qurumun sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu qlobal təşəbbüsləri xatırladıb. Spiker həmin təşəbbüslərin beynəlxalq aləmdə rəğbət və dəstək qazandığını qeyd edib.
O, bildirib ki, COVİD-19 böhranı ilə əlaqədar Qoşulmama Hərəkatı Təmas Qrupunun zirvə toplantısının təşkili, pandemiya ilə mübarizədə Qoşulmama Hərəkatına üzv ölkələrin əsas humanitar və tibbi ehtiyaclarına dair vahid məlumat bazasının yaradılması, COVİD-19-un müzakirəsi üçün BMT Baş Assambleyasının xüsusi sessiyasının çağırılması, həmçinin BMT-nin İnsan Hüquqalrı Şurası tərəfindən bütün ölkələr üçün COVİD-19 əleyhinə peyvəndlərə bərabər, məqbul qiymətə, vaxtında və universal əlçatanlığın təmin edilməsi haqqında qətnamənin qəbul edilməsi görülən tədbirlərdən yalnız bir neçə nümunədir. Sahibə Qafarova qeyd edib ki, cari ilin 17 noyabrında Qoşulmama Hərəkatının təşəbbüsü ilə BMT Baş Assambleyasının üçüncü komitəsi səs çoxluğu ilə COVİD-19-a qarşı vaksinlərin ədalətsiz paylanmasına dair qətnaməni qəbul edib.
Spiker S.Qafarova vurğulayıb ki, COVİD-19 pandemiyasının nəticələri üzləşdiyimiz çağırışların çox sürətlə və dəfələrlə arta bildiyini bir daha nümayiş etdirdi. Qarşılaşdığımız vəziyyət ölkələrimizin icra və qanunvericilik hakimiyyəti qolları arasında həmrəylik və əməkdaşlıq ruhunu qorumağın vacibliyini önə çıxarıb. Parlamentlər COVİD-19 pandemiyası yayılandan etibarən onun əhaliyə mənfi təsirlərini aradan qaldırmaq üçün qanunlar qəbul ediblər, beləliklə də hökumətin müvafiq cavab tədbirləri görə bilməsi təmin olunub.
Milli Məclisin sədri hazırkı taleyüklü beynəlxalq vəziyyətdə Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentarlarının öz ölkələrindəki icra hakimiyyətlərinin səylərinə beynəlxalq səviyyədə töhfə vermələrinin vacibliyini qeyd edib. O, Qoşulmama Hərəkatının prinsip və dəyərlərini möhkəmləndirməyin və təşviq etməyin zərurətini vurğulayıb. Sahibə Qafarova tədbir iştirakçılarının nəzərinə çatdırıb ki, təşkilatın 2019-cu ilin 25-26 oktyabr tarixində Bakıda keçirilmiş Zirvə toplantısında dövlət və hökumət başçıları Qoşulmama Hərəkatına üzv dövlətlərin parlamentarları ilə qarşılıqlı fəaliyyəti və əməkdaşlığı genişləndirmək və dərinləşdirmək barədə qərar qəbul ediblər. Azərbaycan bu anlayışlara əsaslanan sədrliyi dövründə Hərəkatın fundamental prinsiplərinə tam və səmərəli riayət olunmasında parlamentarların mühüm rol oynaya biləcəyini qəbul edərək, Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradılması təşəbbüsü ilə çıxış edib.
Azərbaycan parlamentinin rəhbəri bildirib ki, bu gün təsis edilən Parlamentlər Şəbəkəsi Qoşulmama Hərəkatının ideya və prinsipləri barədə məlumatların qurumun üzv dövlətləri və xalqları arasında yayılmasına və təbliğinə töhfə verəcək. Bununla yanaşı, təşkilat üzv dövlətlərin parlamentləri arasında əməkdaşlıq platforması rolunu oynaya bilər. Parlamentlər Şəbəkəsi sülh, təhlükəsizlik, insan hüquqları və inkişafla bağlı parlament təcrübəsinin mübadiləsinə də imkan yaradacaq, qurumun böyük tədbirlərində bəyannamə sənədlərinə uyğun olaraq Qoşulmama Hərəkatına üzv dövlətlərin vəzifə və öhdəliklərinin gerçəkləşdirilməsinə parlament dəstəyi verəcək. Bu təsisat hamımızı narahat edən məsələlərin həllinə parlament töhfəsini verməkdə forum rolunu oynayacaq. Çoxtərəfliliyin yayılması üçün Parlamentlər Şəbəkəsi əlavə hərəkətverici qüvvə olacaq.
Tədbirdə Sahibə Qafarova vurğulayıb ki, bu Şəbəkə qeyd olunan dəyərlərə və missiyalara xidmət etməklə yanaşı, digər beynəlxalq parlament strukturları ilə, o cümlədən Parlamentlərarası İttifaqla davamlı əlaqələr yaradacaq. Qeyd olunub ki, Parlamentlər Şəbəkəsinin növbəti tədbiri gələn il Bakıda keçiriləcək.
Çıxışının yekununda Sahibə Qafarova Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin prosedur sənədləri və iş üsulları haqqında məlumat verib, iclasın işinə uğurlar arzulayıb.
Sonra təsis iclası Milli Məclisin sədri Sahibə Qafarovanın moderatorluğu ilə davam edib.
İclasda çıxış edən Parlamentlərarası İttifaqın sədri Duarte Poçeko deyib ki, biz təcrübələrimizi bölüşməli, ikitərəfli əlaqələrimizi daha da genişləndirməliyik. Qlobal problemləri birlikdə dəyərləndirilməli və onların həlli yollarını birlikdə tapmalıyıq. Bu baxımdan Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin yaradıması əlavə bir imkandır. Bu, dialoq, əməkdaşlıq, demokartiyann gücləndirilməsi üçün yeni platformadır.
Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunkonq isə çıxışında deyib ki, Parlamentlər Şəbəkəsi bəşəriyyətdə sülhün və sabitliyin bərqərar olmasına öz töhfəsini verəcək. Xüsusilə bütün dünyanın COVİD-19 pandemiyası ilə üz-üzə qaldığı bir vaxtda qanunverici orqanlar arasında dialoqun intensivləşdirilməsinə, parlament diplomatiyasının gücündən istifadə edərək ortaq qərarlar qəbul edilməsinə xüsusi ehtiyac var. Bu baxımdan o, Parlamentlər Şəbəkəsinin yaradılmasının əhəmiyyətini xüsusi qeyd edib.
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop çıxışında bildirib ki, artıq 60 ildir mövcud olan və üzvlərinin sayı 120-yə çatan Qoşulmama Hərəkatı beynəlxalq ədalətin, sülhün təmin edilməsi baxımından çox böyük bir potensiala malikdir. TBMM sədri Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının prinsiplərinin təbliği istiqamətində atılan addımların təşkilatı daha da gücləndirəcəyinə inandığını vurğulayıb. Mustafa Şentop davam etməkdə olan COVİD-19 pandemiyasının dünyada hökm sürən ədalətsizlikləri bir daha gözlər önünə sərdiyini bildirib və yeni təsis olunan Parlmentlər Şəbəkəsinin əməkdaşlığı daha da dərinləşdirəcəyinə inandığını söyləyib.
Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər hazırda bütün dünyanın, o cümlədən demokratik dəyərlərin bir sıra təhdidlərlə üz-üzə qaldığını, bu qlobal problemlərin həlli üçün parlamentlərarası dialoqun genişləndirilməsinin xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. O, deyib ki, Qoşulmama Hərəkatının bu gün təsis edilən Parlamentlər Şəbəkəsi bəşəriyyəti təhdid edən çağırışların həlli istiqamətində ən önəmli platformalardan biri olacaqdır.
Daha sonra İndoneziya Nümayəndələr Şurasının sədri Puan Maharani, Namibiya Milli Assambleyasının sədri Peter Katjavivi, Nepal Nümayəndələr Palatasının sədri Aqni Prasad Sapkota, Mərakeş Krallığı Parlamentinin sədri Enaam Mayara, İran parlamentinin vitse-spikeri Əli Nikzad, Yəmən Respublikasının vitse-spikeri Məhəmməd Əli Əl-Şadadi, Misir Parlamentinin Xarici əlaqələr komitəsinin rəhbəri Kərim Abdelkərim Dərviş, Hindistan Parlamentinin üzvü Sanjay Jaisval, Rusiya Federasiya Şurasının sədr müavini Konstantin Kosaçev, TÜRKPA-nın Baş katibi Mehmet Sureyya Er, Ərəb Parlamentinin sədri Adel bin Əbdülrəhman əl-Asumi, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasınını baş katibi Asəf Hacıyev və Kuba Milli Assableyası Xarici əlaqələr komitəsinin rəhbəri Yolanda Ferrer Qomez çıxış edərək Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunmasının vacibliyini vurğulayıblar, təşkilata uğurlar arzulayıblar.
İclasın sonunda Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis olunmasına dair Madrid Bəyannaməsi qəbul olunub.
Təsis iclasından sonra tədbir iştirakçıları üçün rəsmi ziyafət verilib. Ziyafətdə Azərbaycanın incəsənət nümayəndələri konsert proqramı ilə çıxış ediblər. Ölkəmizin milli musiqi nümunələri qonaqlar tərəfindən maraqla qarşılanıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi