Vətən müharibəsi şəhidi Emin Tahir oğlu İsmayılovun anım günü keçirilib

Tədbirlər
29 noyabr 2021 | 15:51   
Paylaşın:        

44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri – əslən Cəbrayıl rayonundan olan Emin Tahir oğlu İsmayılovun Bakı şəhəri Yasamal rayonu İkinci Fəxri Xiyabanda anım günü keçirilib.

Anım mərasimində Milli Məclisin deputatı Ceyhun Məmmədov, Cəbrayıl Rayon İcra Hakimiyyətinin rəhbərliyi, bu rayonun idarə və təşkilatlarının əməkdaşları, şəhidin doğmaları, döyüş yoldaşları, qazilər, şəhid anaları və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Şəhidin İkinci Fəxri Xiyabandakı məzarı ziyarət edilib, ruhuna dualar oxunub, məzarı önünə güllər qoyulub. Mərasimdə şəhidin döyüş yoldaşları onun keçdiyi cəsur döyüş yolu barədə danışıblar.

Bildirilib ki, Emin İsmayılov 2020-ci il oktyabrın 6-da Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq şəhid olub. Şəhidimiz ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə torpaqlarımızın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpa edilməsi zamanı döyüş əməliyyatlarında hərbi qulluq vəzifəsini yüksək peşəkarlıqla yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”  və “Suqovuşanın azad olunmasına  görə” medalları ilə təltif edilib.

 

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU