Deputat Jalə Əliyeva Ucar və Zərdab rayonlarında şəhidlərin anım mərasimlərində iştirak edib

Tədbirlər
29 noyabr 2021 | 16:32   
Paylaşın:        

Ucar rayonunda şəhid Xəyal Rafiq oğlu Cəbrayılovun, Zərdab rayonunda isə şəhid İbrahim Mirzağa oğlu Rüstəmlinin və şəhid Anar Nazim oğlu Məmmədzadənin anım günləri keçirilib.

Tədbirlərdə Milli Məclisin  Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, rayonların rəhbərliyi, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları, dostları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım günlərində Ucar rayonunun Ləki kəndində şəhid Xəyal Cəbrayılovun, Zərdab rayonunun Şahhüseynli kəndində şəhid İbrahim Rüstəmlinin və Zərdab rayonunun Gəlmə kəndində şəhid Anar Məmmədzadənin məzarları ziyarət olunub, önünə gül-çiçək dəstələri düzülüb, xatirələri ehtiramla yad edilib. Mərasim iştirakçıları tərəfindən bu məzarlıqlarda uyuyan digər şəhidlərin də qəbirləri ziyarət olunub, ruhlarına dualar oxunub. Tədbirlərdə deputat Jalə Əliyeva şəhid valideynləri ilə görüşüb, onların dərdlərinə şərik olub, qayğıları ilə maraqlanıb.

Mərasimlərdə şəhidlərin şərəfli həyat və döyüş yolundan söz açılıb, Vətən müharibəsindəki hünərlərindən bəhs olunub. Jalə Əliyeva bildirib ki, bu tarixi qələbə Azərbaycan xalqının igid oğullarının fədakarlığı hesabına, xalqla Ali Baş Komandan İlham Əliyevin dəmir yumruq kimi birləşməsi sayəsində əldə olunub. Millət vəkili qəhrəman oğul böyütdüklərinə görə şəhid valideynlərinə təşəkkür edib, bildirib ki, işğaldan azad edilmiş torpaqlarda xalqımız əsrlər boyu olduğu kimi, bundan sonra da xoşbəxt və firavan yaşayacaq.

Şəhid yaxınları şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını bildiriblər.

Qeyd edək ki, şəhidlərimiz Vətən müharibəsində öz vəzifə borclarını şərəflə yerinə yetirdiklərinə, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında şəxsi igidlik və qəhrəmanlıq nümunələri göstərdiklərinə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə təltif ediliblər.

Şəhid Xəyal Cəbrayılov "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə gorə", "Füzulinin azad olunmasına görə" və “Şuşanın azad olunmasına görə” medalları ilə, şəhid İbrahim Rüstəmli “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə, şəhid Anar Məmmədzadə "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunublar.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU