Milli Məclisdə narkomaniya ilə mübarizəyə dair dinləmə keçirilib

Tədbirlər
30 noyabr 2021 | 18:35   
Paylaşın:        

Noyabrın 30-da Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi və Səhiyyə komitəsinin “Narkomaniya ilə mübarizə ailə sağlamlığının təminatıdır” mövzusunda birgə dinləməsi keçirilib.

Dinləməni giriş sözü ilə açan Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri  Adil Əliyev Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclər və idman siyasətinə, ailə institutuna göstərdikləri xüsusi diqqət və qayğıdan danışıb. Vitse-spiker Azərbaycan gənclərinin, ailələrinin mənəvi-psixoloji və fiziki sağlamlıqlarının yüksək səviyyədə olduğunu qeyd edərək cəmiyyətində mövcud olan narkomaniya problemindən söz açıb. Bu qlobal bəla ilə mübarizədə bütün cəmiyyətin səfərbər olmasının vacibliyindən danışan Adil Əliyev narkomaniya ilə mübarizədə maarifləndirmə işlərinin bütün istiqamətlərdə artırılması ilə bağlı təkliflərini səsləndirib.

Sonra Azərbaycan dövlətinin narkomaniyaya qarşı mübarizə ilə bağlı həyata keçirdiyi siyasətdən və yaradılmış qanunvericilik bazasından danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova narkomanıya bəlasının fəsadları ilə bağlı məlumatlandırma və maarifləndirmə tədbirlərinin daha da gücləndirilməsinə, bu işlərin müasir və ideoloji formada aparılmasına ehtiyac olduğunu vurğulayıb.

Ailədə bir nəfərin narkomaniyaya düçar olmasının  bütövlükdə ailənin məhvinə səbəb olduğuna diqqət çəkən komitə sədri bu bəlanın qarşısının alınmasında mənəvi dəyərlərin təbliğinin rolunu xüsusi qeyd edib.

Çıxış edən Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov müzakirə olunan problemin təkcə bir ölkənin, bir sahənin problemi deyil, qlobal bir problem olduğunu qeyd edib. Narkotik aludəçilərinin, narkomaniya qurbanlarının statistikasının ilbəil artmasına diqqət çəkən Əhliman Əmiraslanov problemə kompleks yanaşmanın zərurətindən danışıb. Məsələnin tibbi aspekti üzərində xüsusi dayanan komitə sədri narkomaniya ilə mübarizə çərçivəsində səhiyyə sahəsində aparılan işlərdən bəhs edib, bu sahədə görülməli olan tədbirlərlə bağlı təkliflər verib.

Tədbirdə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  narkomaniyanı dini-mənəvi dəyərlər aspektində təhlil edib. O, rəhbərlik etdiyi qurumun bu sahədə apardığı işlər barədə məlumat verib, mübarizə metodları ilə əlaqədar fikirlərini açıqlayıb.

Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin rəisi, polis general-mayoru İslam Hümbətov narkomaniya ilə bağlı ölkəmizdəki mövcud durum, daxili işlər orqanları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində aparılan tədbirlər barədə danışıb. Bildirib ki, cari ilin 10 ayı ərzində əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr müsadirə edilərək dövriyyədən çıxarılıb. Çıxışında idarə rəisi DİN-nin ictimai maarifləndirmənin ənənəvi üsulları ilə bərabər, yeni forma və metodları, o cümlədən sosial media menecment (SMM) mexanizminin tətbiqi barədə danışıb.

Dinləmədə BMT-nın Əhali Fondunun nümayəndəsi Səbinə Manafova müzakirə olunan problemlə bağlı təmsil etdiyi təşkilatın dövlət qurumları ilə sıx əməkdaşlığından söz açıb, məsələ ilə bağlı həyata keçirdikləri layihələrdən bəhs edib.

Dinləmədə Səhiyyə komitəsi sədrinin müavini Rəşad Mahmudov, Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva, deputatlar Sədaqət Vəliyeva, Tamam Cəfərova, Soltan Məmmədov, Nigar Arpadarai, Kamilə Əliyeva, Ramin Məmmədov, Sevil Mikayılova, Kəmaləddin Qafarov, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev çıxış ediblər. Çıxış edənlər narkomaniyaya qarşı mübarizədə dövlət qurumları ilə bərabər, cəmiyyətin də aktiv iştirakının, narkomaniyanın profilaktikası ilə bağlı işlərin geniş şəkildə təşkilinin, maarifləndirmə və təbliğat işlərinin artırılmasının vacibliyindən danışıblar, yeni metodların və yanaşmaların, xüsusən sosial şəbəkələrin imkanlarından istifadənin effektivliyinə diqqət çəkiblər. Onlar narkomaniya ilə bağlı statistikanın dəqiq aparılmasının, narkomanların müalicəsinin klinik protokollarının tərtibinin, yeni dərman və preparatların tətbiqinin zəruriliyini vurğulayıblar. Deputatlar qanunvericiliyin, qanunların icrası mexanizmlərinin yenidən nəzərdən keçirilməsi və digər məsələlərlə bağlı fikirlərini açıqlayıblar, rəy və təkliflərini səsləndiriblər.

Dinləmədə Səhiyyə, Təhsil, Gənclər və idman, Əmək və Əhalinin Sosial Müdafiəsi, Ədliyyə Nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman Aparatının, QHT-lərin nümayəndələri çıxışlarında təmsil etdikləri sahələrdə apardıqları narkomaniya ilə mübarizə işlərindən danışıblar, qaldırılan məsələlərlə bağlı mövqelərini ifadə ediblər.

Tədbirin yekununda komitə sədrləri Əhliman Əmiraslanov və Hicran Hüseynova narkomaniya ilə mübarizənin ailə sağlamlığının təmin edilməsində önəmli yer tutduğunu vurğulayıblar, aparılmış təhlillərin, səslənən fikirlərin, irəli sürülən təkliflərin problemi birgə səylərlə aradan qaldırmaq, qarşısını almaq baxımından faydalı olacağına əminliklərini bildiriblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU