Ağdaş rayonunda şəhid ailələri ziyarət olunub
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Cavid Osmanov noyabrın 29-da 44 günlük Vətən müharibəsində şəhidlik məqamına yüksəlmiş Ağdaş rayonunun Qaradağlı kənd sakini Cəlil Qüdrət oğlu Əliyevin anası Reyhan Əliyevanı ziyarət edib.
Söhbət zamanı 44 günlük Vətən müharibəsində adları Vətən tarixinə qızıl hərflərlə yazılmış şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyi, onların gələcək nəsillərə örnək olduğu bildirilib. Qələbənin şəhidlərin qanı, canı bahasına əldə edildiyi vurğulanıb, şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağı diqqətə çatdırılıb.
Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmiş Cəlil Əliyevin anası dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılığını ifadə edib.
Qeyd edək ki, Cəlil Əliyev Vətən müharibəsi zamanı Cəbrayıl, Füzuli rayonları uğrunda gedən döyüşlərdə şücaət göstərərək oktyabrın 22-də Hadrut döyüşlərində şəhid olub. Prezident İlham Əliyevin Sərəncamına əsasən, şəhidimiz ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
*******
Noyabrın 30-da 44 günlük Vətən müharibəsi şəhidi Əhmədov Elnur Ehtibar oğlunun ildönümü münasibətlə şəhidin doğulub böyüdüyü və ailəsinin yaşadığı Ağdaş rayonunun Pirəzə kəndində anım mərasimi keçirilib.
Mərasimdə Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü, deputat Cavid Osmanov və partiya fəalları, İcra Hakimiyyətinin və rayon ictimaiyyətinin nümayəndələri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş Elnur Əhmədovun və digər şəhidlərimizin əziz xatirələri ehtiramla anılıb, ruhlarına dualar oxunub. Tədbirdə şəhidin döyüş yolu barədə söhbət açılıb, valideynlərinə başsağlığı verilib.
Bildirilib ki, Elnur Əhmədov Ağdərə-Tərtər istiqamətində gedən döyüşlərdə iştirak edərək şəhidlik zirvəsinə ucalıb. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə şəhid Elnur Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi