Vitse-spiker Adil Əliyev Vətən müharibəsində iştirak etmiş bir qrup həkimlə görüşüb

Tədbirlər
03 dekabr 2021 | 18:46   
Paylaşın:        

Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Vətən müharibəsində iştirak etmiş bir qrup həkimlə görüşüb.

Görüş zamanı vitse-spiker Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbə barədə danışaraq, düşmənin 30 illik işğalına son qoyan möhtəşəm Qələbəmizin tariximizin ən şanlı səhifələrindən biri olduğunu qeyd edib. O, ölkə başçısı, Ali Baş Komandanın dəmir iradəsi, onun ətrafında yumruq kimi birləşən xalqımızın dəstəyi, cəbhədə vuruşan igid əsgərlərimizin  qəhrəmanlığı nəticəsində ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərqərar olunduğunu vurğulayıb.

Qazandığımız tarixi Zəfərdən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı tikinti və quruculuq işlərindən bəhs edən Adil Əliyev  Qarabağımızın qısa müddət ərzində dünyanın ən gözəl guşələrindən birinə çevriləcəyini bildirib. O, Heydər Əliyev Fondu tərəfindən Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində təşkil edilmiş festivalların, qısa müddət ərzində Füzulidə tikilən Beynəlxalq Hava Limanının, eləcə də Zəfər yolunun açılışının mühüm əhəmiyyət daşıdığını söyləyib, başlanmış quruculuq işlərinin 2022-ci ildə də  böyük sürətlə davam edəcəyinə əminliyini bildirib.

Vitse-spiker işğaldan azad edilmiş ərazilərimizdə abadlıq, quruculuq işləri ilə bərabər, əhalinin sosial rifah halının yaxşılaşdırılmasının dövlətimiz üçün əsas prioritet istiqamətlərdən olduğunu deyib. Sədr müavini ölkə  Prezidenti və Birinci vitse-prezident tərəfindən şəhid ailələrinə və qazilərə göstərilən yüksək diqqət və qayğını xüsusilə qeyd edib.

Vətən müharibəsindən sonra da hər birimizin şəhid ailələri və qazilərlə bağlı məsələləri daim diqqətdə saxladığımızı deyən vitse-spiker, bizə qələbəni yaşadan qəhrəmanlarımız və onların ailə üzvləri üçün bütün imkanlarımızı  səfərbər etməyin vacibliyini söyləyib. O, Qarabağ uğrunda müharibədə göstərdikləri fədakar xidmətlərə görə həkimlərə minnətdarlığını ifadə edib.

Görüşdə iştirak edən həkimlər Vətən müharibəsi başladıqdan dərhal sonra könüllü şəkildə döyüş bölgələrinə getdiklərini, üzərlərinə düşən vəzifələri var qüvvələri ilə yerinə yetirdiklərini və bundan sonra da ölkəmiz, xalqımız üçün bütün imkanlarını səfərbər edəcəklərini bildiriblər.

Sonda Vətən müharibəsində iştirak etmiş həkimlərə Milli Məclisin Gənclər və idman komitəsinin “Fəxri Fərman”ı təqdim edilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU