MDB PA-nın nümayəndələri qurumun Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq İnstitutunun Bakı filialının yeni binası ilə tanış olublar

Tədbirlər
04 dekabr 2021 | 16:39   
Paylaşın:        

Dekabrın 4-də ölkəmizdə səfərdə olan Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlament Assambleyası (MDB PA) Şurası Katibliyinin rəhbəri, Baş katib Dmitri Kobitskinin başçılıq etdiyi Rusiya nümayəndə heyəti MDB PA-nın Demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq İnstitutunun (DİMBİ) Bakı filialının yeni binasında  olub.

MDB PA Şurası Katibliyinin rəhbəri - Baş katib Dmitriy Kobitski, Baş katibin birinci müavini Sergey Kurdin, Baş katibin müavini, DİMBİ-nin direktoru İvan Muşket, DİMBİ-nin direktor müavini Yelena Yeremenko, Baş katibin müavini, Azərbaycan Milli Məclisinin MDB PA-da daimi nümayəndəsi Aydın Cəfərov, MDB PA DİMBİ-nin Bakı filialının direktoru Teymur Muradov və filialın əməkdaşlarının iştirak etdikləri tədbirdə qurumun gələcək fəaliyyət planlarından danışılıb.

Dmitri Kobitski bildirib ki, İnstitutun Bakı ofisinin yeni binasının istifadəyə verilməsi çox mühüm hadisədir. Parlamentlərarası əlaqələrin inkişafına, həmçinin institutun Bakı ofisinin yeni bina ilə təmin olunmasına göstərdiyi dəstəyə görə Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarovaya minnətdarlığını bildirən Baş katib deyib: “Düşünürəm ki, ofisin fəaliyyəti bizim birgə işimizə töhfə verəcək və parlamentlərarası əlaqələrin inkişafını sürətləndirəcək”.

İnstitutun Bakı filialının bundan sonra da elm və tədqiqat mərkəzi rolunu oynayacağını diqqətə çatdıran Baş katib parlemantarizm məsələləri ilə məşğul olanların, eyni zamanda, professorların, tələbələrin Bakı filialının fəaliyyətindən yararlanacağını qeyd edib.

Dmitri Kobitski üzv ölkələrin parlamentləri arasında əlaqələrin daha da dərinləşdirilməsində və demokratiyanın, parlamentarizmin inkişafında səylərin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Sonra MDB PA DMBİ-nin təşkilatçılığı ilə bu ilin sentyabrında “Dünya ölkələrinin seçki sistemləri” mövzusunda keçirilən İkinci Beynəlxalq Tələbə İnternet Olimpiadasının qaliblərinə mükafatlar təqdim olunub.

Tədbirdən sonra qonaqlar mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.

 

Milli Məclisin Mətbuat və

ictimaiyyətlə əlaqələr şöbəsi 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU