Əmək və sosial siyasət komitəsinin iclasında

Komitə iclasları
07 dekabr 2021 | 15:51   
Paylaşın:        

Dekabrın 7-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib. Komitə sədri Musa Quliyev bildirib ki, gündəliyə bəzi qanunlara dəyişikliklərlə bağlı üç məsələ daxil edilib.

İclasda parlament Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev gündəlikdəki qanun layihələri barədə məlumat verib. Əvvəlcə, “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə birinci oxunuşda müzakirəyə çıxarılıb. Bildirilib ki, layihədə işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi, həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi ilə bağlı yeni müddəalar nəzərdə tutulub. Sənəddə, eyni zamanda, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması təklif olunur. Belə ki, qanunun müvafiq maddəsində nəzərdə tutulan halda sığorta hadisəsinin baş verdiyi tarixdən əvvəlki ardıcıl gələn 36 təqdim ayı ərzində müddətli əmək müqaviləsi üzrə ən azı 30 ay sığorta stajına malik olan əmək qabiliyyətli şəxslərə minimum sığorta ödənişi təyin olunacaq. Əvvəlki redaksiyada bu ödəniş 35 ay sığorta stajına görə verilirdi.

“Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəyə dair  (birinci oxunuş) məlumatda bildirilib ki, sənəddə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan şəxslərin peşə hazırlığı kurslarına ödənişsiz cəlb edilməsi, həmçinin peşə hazırlığına cəlb olunduqları dövrdə təqaüd almaları, haqqı ödənilən ictimai işlərə, habelə özünüməşğulluğa cəlb olunmaları kimi aktiv məşğulluq tədbirlərini təsbit edən müddəalar irəli sürülür.

Bildirilib ki, hər iki qanun layihəsi “İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında” Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində  hazırlanıb.

Sonra Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda təqdim edilib. Diqqətə çatdırılıb ki, Məcəlləyə yeni 539.1-1-ci maddənin əlavə edilməsi təklif olunur. Əlavədə bildirilir ki, əmək qanunvericiliyinin əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi ilə bağlı tələblərinə əməl olunması barədə müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan qərarlarının icra edilməməsinə görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 2000 manat məbləğində cərimə edilir. Məcəllənin bir sıra maddələrində bəzi ifadələrin digərləri ilə əvəz olunması ilə bağlı düzəlişlər də nəzərdə tutulub.

Qeyd edilib ki, qanun layihəsi əmək münasibətləri zamanı işçilərin pozulmuş hüquqlarının bərpa edilməsi, işəgötürənlərin cərimə ödəmək əvəzinə, işçilərin hüquqlarını bərpa etməyə marağının yaranması məqsədilə hazırlanıb.

Komitə sədri Musa Quliyev bildirib ki, hər üç qanun layihəsinə təklif olunan dəyişikliklər vətəndaşın və işçinin sosial və əmək hüquqlarının daha yüksək səviyyədə qorunmasına xidmət edir.

İclasda çıxış edən komitə sədrinin müavini Məlahət İbrahimqızı, komitə  üzvləri İlham Məmmədov, Jalə Əliyeva, Vüqar Bayramov, Arzu Nağıyev, Sevinc Hüseynova, Soltan Məmmədov, Aqil Məmmədov, Əziz Ələkbərov qanunlara edilən dəyişiklikləri müsbət dəyərləndiriblər, qeyd və təkliflərini söyləyiblər. Musa Quliyev deputatların səsləndirdikləri fikirlərə münasibətini bildirib.

Tədbirdə iştirak edən Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli qanun layihələri barədə fikirlərini açıqlayıb, deputatların qaldırdıqları məsələlərə aydınlıq gətirib.

Müzakirələrin sonunda “İşsizlikdən sığorta haqqında” qanunda dəyişiklik edilməsi barədə və “Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU