Milli Məclisdə görüş
Dekabrın 8-də Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov Danimarkanın Türkiyə və Azərbaycandakı səfiri Denni Annan və Novo Nordisk əczaçılıq şirkətinin nümayəndəsi Emil Larsen ilə görüşüb.
Qonaqları salamlayan Əhliman Əmiraslanov Azərbaycan və Danimarka Krallığı arasında müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrindən danışıb, iki ölkə arasında münasibətləri genişləndirmək üçün böyük potensialın olduğunu deyib. Əhliman Əmiraslanov diplomatın Ağdama səfərini yüksək qiymətləndirib.
Sonra görüşdə iştirak edən Novo Nordisk əczaçılıq şirkətinin nümayəndəsi Emil Larsen bildirib ki, bu şirkət Azərbaycanda 1990-cı illərdən fəaliyyət göstərir. Şirkət dünyada şəkərli diabetlə yaşayan milyonlarla insana və şəkərli diabetə tutulma riski olanlara öz dəstəyini ifadə edir, bu xəstəliklə yaşayan insanların həyat keyfiyyətinin yaxşılaşmasına daim öz töhfələrini verir. O, bildirib ki, Azərbaycan bu xəstəliyə qarşı mübarizə aparılması, dərman vasitələrinin xəstələr üçün əlçatan olması baxımından bütün dünyada model ola biləcək bir ölkədir.
Görüşdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Azərbaycan-Danimarka parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Sevinc Fətəliyeva ikitərəfli münasibətlərin inkişafında parlamentlərin rolu, parlamentlərarası münasibətlərin genişləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüb.
Söhbət zamanı Səhiyyə komitəsinin üzvləri Kəmaləddin Qafarov və İlham Məmmədov iki ölkə arasında səhiyyə sahəsində əməkdaşlıq məsələləri barədə danışıblar, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı, Danimarka Krallığının ölkəmizdəki Fəxri konsulu Arnoud Qovart və digər rəsmi şəxslər iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi