Parlament görüşləri
Dekabrın 9-da Milli Məclisdə deputat Tural Gəncəliyev Birləşmiş Krallığın Münaqişənin və Sabitliyin Birgə Təhlili Qrupunun üzvləri Helen Makkenzi və Rayan Qrist ilə görüşüb.
Qonaqları salamlayan deputat Tural Gəncəliyev Milli Məclisdə Xankəndi seçki dairəsini təmsil etdiyini, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü olduğunu qeyd edərək 44 günlük Vətən müharibəsi nəticəsində azad edilmiş ərazilərdə Azərbaycan dövlətinin həyata keçirdiyi geniş bərpa-quruculuq işləri, məcburi köçkünlərin öz yurdlarına təhlükəsiz şəraitdə qayıdışına hazırlıq prosesindən bəhs edib. O, Ermənistanın işğalından azad edilmiş ərazilərdə işğal dövründə tamamilə dağıdılmış infrastrukturun, şəhər və kəndlərin yenidən inşası kimi işlərə Azərbaycanın gələn il üçün dövlət büdcəsində 2,2 milyard manat vəsait ayrıldığını bildirib. Deputat işğaldan azad edilmiş ərazilərimizdə bir sıra ölkələrin, o cümlədən Birləşmiş Krallığın da iştirakı ilə layihələrin həyata keçirilməsindən məmnuniyyətlə bəhs edib.
Bu gün Şuşa rayonunda iki mülki şəxsin minaya düşərək həlak olmasını qonaqların diqqətə çatdıran millət vəkili ərazilərin minalardan təmizlənməsi istiqamətində beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb.
Tural Gəncəliyev Azərbaycanın bölgədə sülhün möhkəmlənməsi, kommunikasiyaların açılması, iqtisadi əməkdaşlığın qurulması istiqamətində təşəbbüslərdə, erməni əsilli vətəndaşlarının siyasi, iqtisadi və humanitar sahələrə reinteqrasiyasında maraqlı olmasından danışıb.
Sonra Rayan Qrist və Helen Makkenzi postmünaqişə dövründə qarşıya qoyulan məqsədlər, sülhün möhkəmləndirilməsi, keçmiş münaqişə zonasında dinc birgəyaşayışın təşkili kimi məsələlərlə bağlı suallarını səsləndiriblər. Sual-cavab formatında davam edən görüşdə bu istiqamətdə əməkdaşlıq imkanlarına toxunulub, fikir mübadiləsi aparılıb.
* * *
Dekabrın 9-da Milli Məclisin deputatı Erkin Qədirli ilə Birləşmiş Krallığın Münaqişənin və Sabitliyin Birgə Təhlili qrupunun üzvləri Helen Makenzi və Rayan Qrist arasında görüş keçirilib.
Qonaqları salamlayan Erkin Qədirli bir müddət əvvəl Azərbaycan xalqının 44 günlük Vətən müharibəsində əldə etdiyi Zəfərin birinci ildönümünü qeyd etdiyini bildirib. Qazanılan qələbə nəticəsində ölkəmizin öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdiyini deyib. Deputatımız qonaqların diqqətinə çatdırıb ki, Ermənistan silahlı qüvvələrinin 30 il ərzində torpaqlarımızı işğal etməsi Azərbaycan vətəndaşlarını öz doğma yurd-yuvalarından didərgin salıb. İşğal müddətində Ermənistan Azərbaycan ərazilərində, şəhər və kəndlərimizdə infrastrukturu tamamilə məhv edib, ölkənin maddi-mədəni irsinə ağır zərbələr vurub.
Bildirilib ki, hazırda Qarabağda bərpa və quruculuq işləri uğurla həyata keçirilir. Azad edilmiş şəhər və kəndlərdə müasir infrastruktur yaradılır. “Ağıllı şəhər”, Ağıllı kənd” layihələri reallaşdırılır. Doğma torpaqlarından müvəqqəti didərgin düşmüş soydaşlarımızın öz yurdlarına qayıtması üçün bütün lazımi şərait yaradılır.
Qeyd olunub ki, Azərbaycan hər zaman regionda sülhün və əmin-amanlığın bərqərar olmasının, ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın tərəfdarı olub və bu istiqamətdə öz səylərini əsirgəməyib.
Görüşdə Erkin Qədirli qonaqları maraqlandıran məsələlərə aydınlıq gətirib, onların suallarını cavablandırıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi