Vitse-spiker Adil Əliyev Vətən müharibəsi şəhidinin anım tədbirində iştirak edib
Dekabrın 11-də Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev Binəqədi rayonunda Vətən müharibəsi şəhidi Tacir Mehdi oğlu Əhmədovun anım mərasimində iştirak edib.
Binəqədi RİH-in başçısı Elxan Allahverdiyev, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə şəhidlərimizin ruhlarına dualar oxunub, xatirələri ehtiramla yad edilib.
Anım mərasimində çıxış edən vitse-spiker Adil Əliyev möhtəşəm Qələbəmizi öz canları və qanları bahasına bizə yaşadan Vətən müharibəsi şəhidi Tacir Əhmədov kimi igidlərimizin xatirəsinin hər birimiz üçün əziz olduğunu, xalqımızın öz qəhrəmanlarını heç zaman unutmayacağını diqqətə çatdırıb. Qeyd olunub ki, ölkəmizin əzəli və əbədi torpaqlarının düşmən işğalından azad edilməsi məqsədilə həyata keçirilən 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş Tacir Əhmədov döyüş meydanında göstərmiş olduğu şücaətlərə görə Azərbaycan Prezidenti tərəfindən "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib. Adil Əliyev şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr, qazilərimizə isə şəfa diləyib.
Tədbirdə iştirak edən şəhid ailələri və qazilər göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını ifadə ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi