Milli Məclisin növbəti plenar iclası keçirilib
Dekabrın 14-də Milli Məclisin payız sessiyasında növbəti iclası keçirilib. İclası açan Milli Məclisin sədri Sahibə Qafarova əvvəlcə Milli Məclisin nümayəndə heyətinin dekabrın 8-dən 10-dək Türkiyənin İstanbul şəhərinə işgüzar səfəri barədə qısa məlumat verib.
Bildirib ki, səfərin məramı İslam Əməkdaşlığı Təşkilatı Parlament İttifaqının 16-cı konfransında iştirak etmək idi. Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi etdiyi tədbir "Paylaşım, vicdan və İslam: Fələstin, miqrasiya və Əfqanıstan" mövzusuna həsr olunmuşdu.
Sahibə Qafarova diqqətə çatdırıb ki, dekabrın 10-da Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın da iştirak etdiyi konfransın açılış mərasimi Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopun çıxışı ilə başlanıb və türkiyəli həmkarı bir daha Azərbaycanı Vətən müharibəsində qazandığı Qələbə münasibətilə təbrik edib.
Spiker qeyd edib ki, toplantıda parlament sədrlərinin çıxışları olub. O, öz çıxışında Azərbaycanın İslam dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, İslam həmrəyliyinin güclənməsinə kömək göstərmək, beynəlxalq təşkilatlarda müsəlman ölkələrini dəstəkləmək üçün həyata keçirdiyi tədbirlərdən danışıb.
Müasir dünyada İslamofobiyanın ən ciddi təhlükələrdən biri olduğunu diqqətə çatdırıb. İslam dünyasının qarşısında dayanan problemlərin öhdəsindən gəlmək üçün daha güclü həmrəyliyə, dialoqa və əməkdaşlığa ehtiyac olduğunu qeyd edib.
Fələstin-İsrail münaqişəsinin həll edilməsi yolu, Əfqanıstanda sülh və sabitlik yaradılması barədə dövlətimizin mövqeyini ifadə edib.
Miqrasiya, qaçqınlar problemlərinə toxunan Sahibə Qafarova qeyd edib ki, beynəlxalq ictimaiyyət miqrasiya probleminə son qoymaq üçün onun kökündə dayanan səbəbləri aradan qaldırmalıdır. Spiker çıxışında Azərbaycanın uzun illər ərzində qaçqın və məcburi köçkün problemindən əziyyət çəkdiyini xatırladıb. Bildirib ki, Ermənistan 30 ilə yaxın müddətdə Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayıb, etnik təmizləmə yolu ilə 1 milyondan artıq azərbaycanlını yurd-yuvasından didərgin salıb.
Milli Məclisin sədri konfransdakı çıxışında işğal dövründə Ermənistanın şəhər və kəndlərimizi yer üzündən sildiyini, Azərbaycanın bütün tarixi, mədəni və dini abidələrini vandalizmə məruz qoyduğunu diqqətə çatdırıb. Ermənistanın müsəlmanlara qarşı tam hörmətsizliyini və nifrətini ifadə edərək, məscidlərimizi dağıtdığını, təhqir etdiyini, donuz və inək saxlanılan tövlə kimi istifadə etdiyini deyib. Bildirib ki, bu ərazilərdəki 67 məsciddən 65-i yerlə-yeksan edilib, qalan 2 məscidə isə ciddi ziyan vurulub. Hətta bu ərazilərdəki qəbiristanlarımız da vandalizmə məruz qalıb.
Sahibə Qafarova konfransda onu da qeyd edib ki, Ermənistanın hərbi təxribatları nəticəsində başlanan 44 günlük müharibə Azərbaycanın tam qələbəsi və Ermənistanın təslim aktını imzalaması ilə nəticələnib. Azərbaycan BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrini özü icra edib, beynəlxalq hüquq normalarını və prinsiplərini həyata keçirərək, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.
Spiker konfransdakı çıxışının sonunda diqqətə çatdırıb ki, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa proqramlarına başlayıb. Bu isə 1 milyondan çox vətəndaşımızın öz evlərinə qayıtmasına imkan verəcək. Ermənistanla Azərbaycan arasında suverenliyin və ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında sülh sazişinin imzalanması, həmçinin sərhədlərin delimitasiyası və demarkasiyası regionda münasibətlərin normallaşmasına və kommunikasiyaların bərpasına gətirib çıxaracaq. Lakin Ermənistan öz öhdəliklərini pozmaqdan əl çəkməli, vəziyyəti gərginləşdirən, regionda sülh və sabitlik perspektivlərinə ziyan vuran hərəkətlərə yol verməməlidir.
Milli Məclisin sədri bildirib ki, İstanbula səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopla da görüş keçirilib. Azərbaycanın Vətən müharibəsində Zəfəri, işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması, Zəngəzur dəhlizinin açılması, bunun bölgədə yeni imkanlar yaradacağı, bütün türk dövlətlərinə müsbət təsir göstərəcəyi, COVID-19 pandemiyasına qarşı qlobal mübarizə və digər məsələlər barəsində ətraflı müzakirələr aparılıb. Görüşdə qeyd olunub ki, İslam Əməkdaşlığı Təşkilatının Parlament İttifaqına Türkiyə tərəfinin sədrliyi təşkilatın fəaliyyətinə yeni stimul verəcəkdir.
Sahibə Qafarova İstanbul səfərinin uğurlu keçdiyini qeyd edib və nümayəndə heyətinin bütün üzvlərinə minnətdarlığını bildirib.
Sonra iclasda cari məsələlərlə bağlı müzakirələr aparılıb. Parlamentin komitə sədrləri Zahid Oruc, Qənirə Paşayeva, deputatlardan Nizami Səfərov, Elşən Musayev, Fazil Mustafa, Elman Nəsirov, Tural Gəncəliyev, Razi Nurullayev, Bəhruz Məhərrəmov, Əli Məsimli çıxış edərək gündəmdə olan bir sıra aktual məsələlər barədə öz fikirlərini açıqlayıblar.
Sonra iclasın gündəliyində olan məsələlərə baxılıb. Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyə 17 məsələ daxil edilib.
İclasda Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında” Sazişə və “2010-cu il 19 noyabr tarixli “Əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi sahəsində əməkdaşlıq və əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şuranın yaradılması haqqında Saziş”ə dəyişikliklər edilməsi haqqında” Protokola qoşulmaq barədə və “Əqli mülkiyyət sahəsində hüquq pozuntularının qarşısının alınması sahəsində əməkdaşlıq haqqında Sazişin xüsusi rəylə təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında” qanun layihəsini təqdim edib.
Diqqətə çatdırılıb ki, adı çəkilən Saziş Hüquq siyasəti və dövlət quruculuğu və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin birgə iclasında geniş müzakirə olunub. Qeyd edilib ki, Sazişlə bağlı irəli sürülən qeyd-şərtə əsasən, sənədin müddəaları münaqişə tamamilə aradan qaldırılana, Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşana qədər Azərbaycan tərəfindən Ermənistana münasibətdə tətbiq edilməyəcək. Bildirilib ki, sənəddə sahə əməkdaşlıq orqanının yaradılması nəzərdə tutulub. Sazişə əsasən, tərəflər əqli mülkiyyətin hüquqi qorunması və mühafizəsi məsələlərinə dair Dövlətlərarası Şura yaradırlar və Şura öz fəaliyyətini müvafiq Əsasnamə əsasında həyata keçirir. Digər məqam isə 1998-ci il Sazişinin qüvvədən düşməsidir.
Qanun layihəsi bir oxunuşda səsə qoyularaq qəbul edilib.
Sonra parlamentin birinci vitse-spikeri Əli Hüseynli “Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illiyi (1921-2021)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) barədə danışıb. Sənədin birinci və ikinci oxunuşları zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin ölkənin təhsil sistemində yeri ilə bağlı təqdirəlayiq çıxışları xatırlayan Əli Hüseynli, bu qanunu bir neçə gündən sonra öz yubileyini qeyd edəcək Universitetə bir töhfə olaraq dəyərləndirib.
Sənəd üçüncü oxunuşda qəbul edilib.
Daha sonra “Müdafiə sənayesı sahəsində əməkdaşlığa görə” Azərbaycan Respublikasının medalının və “Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) müzakirəyə çıxarılıb. Layihəni təqdim edən birinci vitse-spiker müdafiə sənayesi sahəsində çalışan insanların Vətən müharibəsi zamanı arxa cəbhədə verdiyi töhfələri qeyd edib və qanuna səs verməyə çağırıb.
Qanun layihəsi üçüncü oxunuşda qəbul olunub.
Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi və Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında”, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə”, Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edilməsi haqqında, “15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqi müddətləri ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanunlarının ləğv edilməsi barədə” qanun layihəsi (ikinci oxunuş) barədə də məlumat verib.
Bildirilib ki, 2018-ci il sentyabrın 1-dən 15 yaşı tamam olmamış vətəndaşlara yeni nəsil şəxsiyyət vəsiqəsinin verildiyi və həmin vəsiqədə olan məlumatların fərdi identifikasiya kartında olan məlumatlarla eynilik təşkil etdiyi nəzərə alınaraq, 15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartının tətbiqinə ehtiyac qalmır. Bununla əlaqədar olaraq, layihədə "15 yaşı tamam olmamış Azərbaycan Respublikası vətəndaşının fərdi identifikasiya kartı" ilə əlaqədar müvafiq qanunun və əlaqəli digər bəzi qanunların ləğv edilməsi təklif olunur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (ikinci oxunuş) mahiyyəti barədə danışıb. Bildirilib ki, qanun layihəsi əmək münasibətləri zamanı işçilərin pozulmuş hüquqlarının bərpa edilməsi, işəgötürənlərin cərimə ödəmək əvəzinə işçilərin hüquqlarını bərpa etməyə marağının yaranması, habelə Dövlət Əmək Müfəttişliyinin fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə hazırlanıb. Müzakirələr zamanı təkliflər daxil olmayıb.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
İclasda Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini ikinci oxunuşda təqdim edib. Bildirilib ki, sənədin birinci oxunuşu zamanı geniş məlumat verilib, səsləndirilən fikir və rəylər nəzərə alınıb və layihə ikinci oxunuş üçün plenar iclasa tövsiyə olunub.
Sənədə əsasən DTX tərəfindən istintaqı aparılan cinayət işləri üzrə dövlət büdcəsinə ödənilən vəsaitlərin 5 faizinin bu qurumun əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsinə sərf edilməsi nəzərdə tutulub.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunda dəyişiklik edilməsi barədə layihə ilə bağlı (ikinci oxunuş) çıxışında sənədin birinci oxunuşda müzakirələri zamanı deputatların önəmli fikirlər səsləndirdiklərini deyib, layihəyə dair hər hansı təklif və iradın daxil olmadığını söyləyib.
Sənədə təklif olunan əlavəyə əsasən, dövlət qeydiyyatına alınmış əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların fəaliyyətinin bu qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən həyata keçirilir.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Sonra Birinci vitse-spiker, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli “Məhkəmələr və hakimlər haqqında” qanunda dəyişiklik edilməsi barədə layihəni ikinci oxunuşda təqdim edib.
Bildirib ki, layihədə Konstitusiyanın 126-cı maddəsinin birinci hissəsinin tələblərinə cavab verən, hüquq sahəsində nüfuza, hüquqşünas ixtisası üzrə 20 il və daha artıq iş təcrübəsinə, yüksək mənəvi keyfiyyətlərə malik olan, bu qanunun 93-4-cü maddəsinə uyğun xüsusi qaydada hakim təyin olunan şəxslərin hüquqşünas ixtisası üzrə dövlət orqanlarında əvvəlki iş stajının, hüquq sahəsində elmi və pedaqoji fəaliyyət müddətinin onların hakimlik stajına hesablanması təklif olunur.
Qanun layihəsi ikinci oxunuşda qəbul olunub.
Parlamentin sədri Sahibə Qafarova deputatların nəzərinə çatdırıb ki, gündəlikdəki digər 9 məsələ birinci oxunuşda olan qanun layihələridir. O, növbəti iki məsələnin ölkə Prezidentinin bir məktubu ilə Milli Məclisə daxil olduğunu bildirib.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Turizm haqqında” qanun layihəsi (birinci oxunuş) barədə ətraflı məlumat verib.
Komitə sədri deputatların diqqətinə çatdırıb ki, hazırda qüvvədə olan “Turizm haqqında" qanun 1999-cu ildə qəbul olunub və turizm sənayesinin sürətli inkişafına, yeni çağırışlara, mövcud problemlərin həlli üçün hüquqi təminatların yaranmasına cavab vermir. Bu məqsədlə ölkəmizdə turizmin dayanıqlı inkişafını təmin edəcək, turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını müəyyən edən "Turizm haqqında" yeni qanun layihəsi hazırlanıb.
Bildirilib ki, qanun 5 fəsil və 22 maddədən ibarətdir. Birinci fəsildə ümumi müddəalar, o cümlədən əsas anlayışlar, turizmin forma və növləri təsbit olunur, turizm haqqında qanunvericiliyin çərçivəsi və bu qanunun tətbiq dairəsinin hüdudları müəyyən edilir. İkinci fəsildə turizm sahəsində dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri müəyyənləşdirilir.
Turizm sənayesinin tənzimlənmə mexanizmlərinə həsr olunan üçüncü fəsildə bu sahədə xidmət keyfiyyətinin yüksəldilməsi, turoperatorlar və turagentlərin, yerləşmə vasitələrinin, turizm bələdçilərinin, turizm sənayesi assosiasiyalarının fəaliyyətinin təşkilati və hüquqi tənzimlənməsi, habelə etik davranış kodeksi məsələləri öz əksini tapıb. Qeyd olunub ki, sənədin müvafiq maddəsinə görə, turizm sənayesi subyektləri barədə məlumatların toplanılmasını, saxlanılmasını, istifadəsini və daxil edilən məlumatların dəqiqliyini, tamlığını və etibarlılığını, həmin məlumatlar əsasında turizm sənayesi subyektlərinin ulduz kateqoriyalarını, reytinq cədvəllərinin formalaşdırılmasını və s. fəaliyyətlərin həyata keçirilməsini təmin etmək məqsədilə dövlət turizm orqanı Turizm Reyestrini yaradır və həmin reyestrin elektron formada aparılmasını təmin edir. Layihədə turistlərin hüquq və vəzifələri ilə bağlı, turizm vizası və turistlərə verilən elektron vizalar, turistlərin təhlükəsizliyinin və sığortalanmasının hüquqi tənzimlənməsinə dair müddəalar da təsbit edilir.
Qanunun dördüncü fəslində turizm ehtiyatlarından istifadənin ümumi şərtləri, turizm və rekreasiya zonaları ilə bağlı müddəalar ehtiva olunur. Beşinci fəsildə turizm sahəsinin maliyyələşdirilmə mənbələri, bu qanunun tələblərinin pozulmasına görə məsuliyyət tədbirləri, qanunun qüvvəyə minməsi qaydası ilə bağlı məsələlər öz əksini tapıb.
Komitə sədri bildirib ki, qanun layihəsinin qəbul edilməsi ölkəmizdə turizmin inkişafına hərtərəfli təkan verəcək.
Müzakirələr zamanı çıxış edən parlamentin komitə sədrləri Siyavuş Novruzov, Qənirə Paşayeva, deputatlardan Məzahir Əfəndiyev, Razi Nurullayev, Əli Məsimli, Müşfiq Cəfərov, Fazil Mustafa, Mahir Abbaszadə, Rauf Əliyev, Şahin İsmayılov, Hikmət Məmmədov, Aqil Abbas qanun layihəsi barədə öz fikirlərini açıqlayıblar, qeyd və təkliflərini veriblər.
İclasda iştirak edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev deputatların fikirlərinə münasibət bildirib, onların suallarını cavablandırıb, səsləndirilən bəzi məsələlərə aydınlıq gətirib.
Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra iclasda fasilə elan olunub.
Fasilədən sonra gündəliyin 10-cu məsələsi - İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə baxılıb. Sənədi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov təqdim edib. Bildirilib ki, məcəlləyə təklif olunan dəyişikliklər “Turizm haqqında” qanun layihəsi ilə bağlıdır. Belə ki, layihədə müəyyən edilmiş normaların pozulması ilə əlaqədar yeni inzibati xətaların müəyyən edilməsi təklif edilir.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Büdcə sistemi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirib ki, sənəd büdcə qaydasının təkmilləşdirilməsi, onun icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbəti, habelə ümumi dövlət borcunun ÜDM-ə nisbəti parametrləri əsasında müəyyən edilməsi məqsədilə hazırlanıb. Bu parametrlər Dövlət Neft Fondundan dövlət büdcəsinə ediləcək transfertin yuxarı hədlərini tənzimləmək və dövlət borcunun səviyyəsinin artmasının qarşısını almaq üçün təklif olunur.
Qanun layihəsində təkmilləşdirmə və dəqiqləşdirmə xarakterli bəzi dəyişikliklər də edilib. Bir sıra anlayışlar yeni redaksiyada verilib, dövlət büdcəsinin layihəsi ilə birlikdə təqdim olunan sənədlərin dairəsi dəqiqləşdirilib və digər zəruri düzəlişlər aparılıb.
Daha sonra Mahir Abbaszadə “Dövlət borcu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı açıqlama verib. Bildirilib ki, sənəd dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun statusunun dəqiqləşdirilməsi, onun xərclərinin yuxarı həddinə çərçivənin qoyulması məqsədilə hazırlanıb.
Qanuna edilən əlavəyə əsasən, dövlət borcunun əsas məbləğinin qaytarılması üzrə ödənişlər cari büdcə ili ərzində cəlb edilən dövlət borcalması hesabına təmin edildikdə, bu ödənişlərin həmin ilin dövlət büdcəsində dövlət borcuna xidmət edilməsi ilə bağlı nəzərdə tutulan xərclərdən artıq olan hissəsi dövlət büdcəsinin xərclərinə aid edilmir. Digər əlavəyə görə, Təminat Fondunun xərclərinin yuxarı həddi həmin fondun büdcə ilinin əvvəlinə olan qalığından və il ərzində mədaxil olunacaq vəsaitin cəmindən yuxarı ola bilməz.
Komitə sədri Siyavuş Novruzov və deputat Ziyad Səmədzadə yuxarıda adı çəkilən qanunlara təklif olunan dəyişikliklər barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov mahiyyətcə bir-birinə yaxın olan digər iki məsələni təqdim edib. Əvvəlcə, Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə dair (birinci oxunuş) məlumat verilib. Bildirilib ki, qanun layihəsi Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi çərçivəsində istifadə olunan bütün növ avadanlıqların idxalının 5 il müddətinə ƏDV-dən azad edilməsi məqsədilə hazırlanıb.
“Gömrük tarifi haqqında” qanuna dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı Anar Məmmədov bildirib ki, sənəd Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin minalardan və müharibənin digər partlayıcı qalıqlarından təmizlənməsi çərçivəsində istifadə olunan bütün növ avadanlıqların idxalının 5 il müddətinə gömrük rüsumlarından azad edilməsi məqsədilə hazırlanıb.
Sənədlərdə nəzərdə tutulan dəyişikliklər barədə deputat Fazil Mustafanın fikirləri dinlənildikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev növbəti iki qanun layihəsini təqdim edib. Əvvəlcə, komitə sədri “İşsizlikdən sığorta haqqında” qanunda nəzərdə tutulan dəyişikliklər barədə birinci oxunuşda məlumat verib. Bildirilib ki, qanun layihəsi "İşsizlikdən sığorta fondunun 2021-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının 2020-ci il 29 dekabr tarixli 235-VIQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Prezidentinin 2020-ci il 30 dekabr tarixli 1233 nömrəli Fərmanının icrası çərçivəsində hazırlanıb.
Layihədə işsizlikdən sığorta ödənişi alan şəxslərin əhatə dairəsinin genişləndirilməsi, müddətli əmək müqaviləsi üzrə tələb edilən sığorta stajının azaldılması, həmçinin sığorta ödənişinin alınması üçün 3 aylıq gözləmə müddətinin ləğv edilməsi ilə bağlı yeni müddəaların təsbit edilməsi təklif olunur. Qanunda sığorta ödənişini almaq hüququ olan şəxslərin çevrəsinin genişləndirilməsi, işsiz şəxslərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə əmək müqaviləsinin müddəti qurtardıqda tələb olunan ən azı 36 təqvim ayı ərzində əmək müqaviləsinin müddətinin 30 ayadək azaldılması, habelə sığorta ödənişinin 3 ay sonra deyil, sığorta hadisəsi baş verdikdə ödənilməsi məqsədilə müvafiq dəyişikliklər edilib.
“Məşğulluq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edən Musa Quliyev bildirib ki, qanunun 20.2-ci maddəsinə təklif olunan dəyişikliklər mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan işaxtaranların hüquqi vəziyyətinin yaxşılaşdırılmasına yönəlib. Düzəliş peşə hazırlığına cəlb olunacaq şəxslərin əhatə dairəsini genişləndirir, iş tapmaqda onlara dəstək olur. Eyni zamanda, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin peşə hazırlığına ödənişsiz əsasda cəlb olunması hüququnu təsbit edir.
Qanunun 21-ci maddəsinə təklif olunan dəyişikliklərdə işsiz və işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə digər işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlərə cəlb olunması ilə yanaşı, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin də aktiv məşğulluq tədbirində iştirakı hüququ təsbit olunur.
Müzakirələr zamanı deputatlar Əli Məsimli, Elşad Mirbəşir oğlu, Sabir Rüstəmxanlı, Etibar Əliyev çıxış edərək dəyişikliklərin önəmli olduğunu, dövlətin əlavə dəstək tədbirlərinin cəmiyyətdə sosial rifahın təmin olunması baxımından böyük əhəmiyyət kəsb etdiyini söyləyiblər.
Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.
İclasda Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin sonuncu məsələsi “Media haqqında” qanun layihəsidir. Məsələ ilə bağlı çıxışında parlamentin spikeri deyib ki, hər bir ölkənin, cəmiyyətin inkişafında media mühüm rola malik institutlardan biridir. Təbii ki, demokratik dövlətlər bu institutun inkişafına böyük əhəmiyyət verir. Azərbaycanda da geniş dövlət dəstəyi və qayğısı ilə əhatə olunan mediamız son illərdə böyük inkişaf yolu keçib. Əminliklə deyə bilərik ki, Azərbaycan mediası əsas etibarilə üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir və ölkəmizin inkişafına özünəməxsus töhfələr verir.
Sahibə Qafarova qeyd edib ki, biz, xüsusilə 44 günlük Vətən müharibəsində Azərbaycan mediasının göstərdiyi vətənpərvərlik və peşəkarlıq örnəyini təqdir edirik. Yaxşı bilirik ki, Vətən müharibəsində möhtərəm Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan hərbi cəbhədə olduğu kimi, informasiya müharibəsində də parlaq qələbə qazanmışdır. Spiker vurğulayıb ki, cənab Prezidentin hər gün xarici media orqanlarına müsahibələri əsl həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz rol oynayıb. Mediamız da informasiya müharibəsində böyük qələbəmiz naminə öz töhfəsini verib. Yeni qanunun qəbulu isə mediamızın daha da inkişafına, mediaya dövlət dəstəyinin daha da güclənməsinə imkan verəcəkdir.
Sonra İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Media haqqında” qanun layihəsi (birinci oxunuş) barədə əraflı məlumat verib.
Komitə sədri qanun layihəsinin 50-yə qədər media qurumları rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə parlamentin iki komitəsinin birgə iclasında geniş ictimai müzakirəsinin keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, yeni qanun medianın texniki, təşkilati, sosial və peşəkar fəaliyyətləri ilə bağlı bütün problemləri həll etməyə yönəlmiş mühüm hüquqi bazadır və qarşıdakı aylarda dövlətimiz tərəfindən medianın inkişafı ilə bağlı yeni addımların atılacağı da gözlənilir. O, dövlətimizin medianın inkişafında və güclənməsində maraqlı olduğunu qeyd edib.
Zahid Oruc bildirib ki, layihə 9 fəsil 78 maddədən ibarətdir. İlk fəsildə, qanunun tətbiq dairəsi müfəssəl şərh olunub. Azərbaycan Respublikası ərazisində təsis olunan media subyektlərinə, redaksiyalara və onların məhsullarına, eləcə də sərhədlərimizdən kənarda olan və fəaliyyəti respublikamıza yönələn media subyektlərinə, jurnalistlərə və xarici medianın yalnız ölkəmiz daxilində yayılan hissəsinə qanunvericiliyin şamil ediləcəyi göstərilib.
Qeyd olunub ki, layihədə media subyektlərinin dəqiq siyahısı müəyyənləşib - çap və onlayn media, audiovizual və informasiya agentlikləri bu layihənin tənzimlədiyi sahələrdir. Mühüm məsələlərdən biri media subyekti sayılmaq üçün tələblərə aiddir. Əgər təsisçi fiziki şəxs olarsa, onun Azərbaycan Respublikasında daimi yaşayan vətəndaş olması, əgər hüquqi şəxsdirsə, o zaman nizamnamə kapitalında 75 faizlik üstün iştirak payı və ölkəmizdə daimi yaşayan vətəndaşlara və ya qeydiyyatdan keçən hüquqi şəxslərə mənsub olması tələbi layihədə yer alıb.
Komitə sədri deyib ki, prinsipial məqamlardan biri media subyektlərinin reyestrinin vahid qurumda aparılmasıdır. Bu, bir tərəfdən etibarlı vahid məlumat bazasının, milli mətbuatın dürüst tarixinin formalaşmasına xidmət edir, digər tərəfdən münasibətlərə hüquqi xarakter verir və müxtəlif sosial, iqtisadi, yaxud digər imtiyazların əldə olunmasına zəmin yaradır, formal uçotdan daha etibarlı reyestrə keçməyə və şəhadətnamə almağa kömək edir. Reyestrdə yer alan jurnalistlərə vəsiqənin verilməsi də məhz həmin tələbdən irəli gəlir. Jurnalist vəsiqəsinin alınmasına dair meyarlar beynəlxalq prinsiplərə tam uyğundur. Bildirilib ki, jurnalistin azad fəaliyyəti üçün müddəalar say və əhatəlilik baxımından indi daha genişdir.
Sonra Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı bir sıra qeydlərini söyləyib. Bildirilib ki, layihə mükəmməl hazırlanıb. Sənəddə Azərbaycan Respublikası Konstitusiyasının, Avropa İnsan Haqları Konvensiyasının tələbləri gözlənilib. Qeyd olunub ki, qanunda məhdudiyyətlərin çərçivəsi göstərilməklə, əslində hüquqların nə dərəcədə geniş olduğu vurğulanıb. Məsələnin parlament rəhbərliyinin diqqət mərkəzində olduğunu deyən Əli Hüseynli, sənədin media nümayəndələrinin iştirakı ilə daha geniş formatda müzakirələrinin davam etdirilməsinin əhəmiyyətini söyləyib. Bildirilib ki, məqsədimiz - Vətən müharibəsində və ondan sonra əsl dövlətçilik və vətənpərvərlik nümunəsi göstərmiş media nümayəndələrinin həm də bu qanunla hüquqlarını qorumaqdır.
Yeni qanun layihəsi ətrafında gedən müzakirələrdə çıxış edən komitə sədrləri Siyavuş Novruzov, Tahir Rzayev, deputatlardan Hikmət Məmmədov, Elman Nəsirov, Azay Quliyev, Tural Gəncəliyev, Fazil Mustafa, Vahid Əhmədov, Cavid Osmanov, Məlahət İbrahimqızı, Azər Badamov, Sahib Alıyev, Erkin Qədirli, Nigar Arpadarai sənədin əhəmiyyəti barədə fikirlərini açıqlayıblar, qeyd və təkliflərini söyləyiblər.
Müzakirələrin sonunda qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.
Bununla Milli Məclisin bugünkü iclası başa çatıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi