Biləsuvarda şəhid Əlizadə Tahir Qəribəli oğlunun xatirəsi anılıb
Biləsuvarda Vətən müharibəsi şəhidi gizir Əlizadə Tahir Qəribəli oğlunun anım mərasimi keçirilib.
Mərasimdə Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Tədbirdə qəhrəman şəhidimizin şərəfli döyüş yolundan danışılaraq xatirəsi anılıb. Bildirilib ki, Azərbaycan xalqının qüruru, fəxri olan şəhidlərimizin xatirəsi həmişə əziz tutulacaq və dövlətimiz hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacaq.
Mərasim çərçivəsində qəhrəman şəhidimizin yaşadığı evə vurulan xatirə lövhəsinin də açılışı olub. Bəhruz Məhərrəmov rayon rəhbərliyi ilə birlikdə şəhidin ata ocağını ziyarət edərək valideynləri ilə görüşüblər.
Qeyd edək ki, Biləsuvar şəhərinin yetirməsi olan Vətən müharibəsi şəhidi Əlizadə Tahir Qəribəli oğlu 44 günlük müharibə zamanı Cəbrayıl, Füzuli, Qubadlı və Şuşanın azadlığı uğrunda gedən hərbi əməliyyatlarda qəhrəmanlıqla döyüşüb. O, Hadrut uğrunda döyüşdə yaralansa da, bir müddət müalicə alaraq yenidən döyüşə qayıdıb. Gizir Tahir Əlizadə Şuşa uğrunda döyüşlərdə meşəlik ərazidə çətin döyüş tapşırığını uğurla həyata keçirib. Sonuncu döyüşdə yaralı əsgərlərini xilas edərkən özü də ağır yaralanıb və hospitala yerləşdirilib. Müalicə aldığı tibb müəssisəsində həkimlərin səylərinə baxmayaraq, şəhidlik zirvəsinə ucalıb və doğulduğu Biləsuvar şəhərində dəfn edilib.
Gizir Tahir Əlizadə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda gedən döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Allah şəhidlərimizə rəhmət eləsin!
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi