Suraxanıda Vətən müharibəsi şəhidi İsabala Hüseynovun anım mərasimi keçirilib
Bakının Suraxanı rayonunda 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman oğullarımızdan biri - Hüseynov İsabala Ceyhun oğlunun anım günü keçirilib.
Anım mərasimində Milli Məclisin deputatı Etibar Əliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, rayonun hüquq-mühafizə orqanlarının və YAP Suraxanı rayon təşkilatının rəhbərləri, şəhid ailələri, qazilər, şəhidin doğmaları və yaxınları iştirak ediblər.
Mərasim çərçivəsində Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhidin məzarı ziyarət edilib, önünə gül dəstələri düzülərək xatirəsi böyük ehtiramla yad olunub.
Tədbirdə çıxış edən millət vəkili Etibar Əliyev, RİH başçısı Əziz Əzizov bildiriblər ki, şəhid adı müqəddəsdir, şəhidlik zirvəsi ən uca, ən ali zirvədir. Torpaq əgər uğrunda ölən varsa, Vətəndir! Diqqətə çatdırılıb ki, şəhidlik zirvəsinə ucalanların xatirəsi hər birimizin qəlbində yaşayır və həmişə yaşayacaqdır. Mərasim iştirakçıları Allahdan bütün şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı diləmiş, şəhidlərimizin ruhlarına dualar oxumuşlar.
Sonra tədbirdə şəhidimiz İsabala Hüseynovun məzun olduğu 318 №li tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnı və şeirlər səsləndirilib.
Qeyd edək ki, İsabala Hüseynov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi