Azərbaycan və Belçika parlament dostluq qrupları arasında görüş olub
Dekabrın 15-də Milli Məclisin deputatı, Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamal Cəfərovun Belçika Parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Tim Vandenput ilə onlayn formatda görüşü olub.
Söhbət zamanı deputat Kamal Cəfərov Azərbaycanın Avropa ölkələri, o cümlədən Belçika ilə əlaqələrin inkişafında maraqlı olduğunu deyib. Ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatlardan, bu islahatların hüquqi bazasının təkmilləşdirilməsindən bəhs edib. Milli Məclisin fəaliyyətindən danışan millət vəkili parlamentdə müasir dövrün tələblərinə cavab verən yeni qanunların qəbul edildiyini, mövcud qanunlarda zəruri dəyişikliklərin aparıldığını deyib. Ölkəmizdə bütün sahələrdə, o cümlədən dövlət idarəçiliyində gender balansının qorunduğunu söyləyən deputatımız, qanunvericilik orqanında da qadınların rəhbər vəzifələrdə təmsil olunduğunu qeyd edib. Milli Məclisin deputatı hər iki ölkənin qanunvericilik orqanlarında fəaliyyət göstərən dostluq qruplarının qarşılıqlı əməkdaşlığın genişləndirilməsindəki rolundan danışıb.
Kamal Cəfərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hazırda Brüsseldə rəsmi səfərdə olduğunu, bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini vurğulayıb. Qeyd edib ki, NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycanın Əfqanıstandakı missiyanın fəaliyyətinə verdiyi mühüm töhfələrə görə Prezident İlham Əliyevə təşəkkür edib. Diqqətə çatdırılıb ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair yaydığı bəyanatda mühüm nailiyyətlərin əldə olunduğunu bildirib. Deputatımız qeyd edib ki, bəyanatda Zəngəzur dəhlizi üzrə dəmir yolu xəttinin çəkilməsi məsələsinə də xüsusi toxunulub.
Belçika Parlamentində Azərbaycanla dostluq qrupunun rəhbəri Tim Vandenput ölkəsinin Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu söyləyib. O, ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində parlamentlərin xüsusi rolunu qeyd edib. Belçikalı deputatlar Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfəni yüksək qiymətləndiriblər.
Onlayn görüşdə iştirak edən Milli Məclisin Belçika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Nigar Arpadarai və Məzahir Əfəndiyev parlamentlərarası əlaqələrin inkişafı, ölkəmizdə həyata keçirilən islahatlar, Azərbaycanın regionda sülhün və əmin-amanlığın təmin edilməsində rolu barədə fikirlərini açıqlayıblar.
Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Görüşdə Belçika Federal Parlamentində Azərbaycanla dostluq qrupunun üzvü senator Leo Pieters, Belçika Krallığının Azərbaycandakı səfiri Mişel Petermans iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi