Millət vəkili Naqif Həmzəyev Gəncədə şəhidlərin məzarlarını ziyarət edib, ailələri ilə görüşüb
Milli Məclisin deputatı Naqif Həmzəyev Gəncənin Şəhidləri Xiyabanında Vətən müharibəsi şəhidlərinin məzarlarını ziyarət edib.
Torpaqlarımızın azadlığı və ərazi bütövlüyümüz uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəmanları yad edən millət vəkili xiyabandakı Əbədi məşəl abidəsi önünə gül dəstələri qoyaraq ölməz qəhrəmanlarımıza ehtiramını ifadə edib.
Şəhidlərin ailə üzvləri ilə görüşdə deputat Naqif Həmzəyev bildirib ki, biz şəhidlərimizin ruhları qarşısında baş əyirik, əzəli və əbədi torpağımız olan Qarabağın işğaldan azad olunmasında canlarını fəda etmiş şəhidlərimizin ailələrinə səbr diləyirik. Azərbaycan xalqı mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin xatirəsini əziz tutur.
Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onları narahat edən məsələlərin aradan qaldırılması üçün mütəmadi tədbirlər həyata keçirilir.
Şəhid ailələri göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını ifadə ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi