GUAM PA-nın tədbirlərində
Dekabrın 21-də GUAM Parlament Assambleyasının videokonfrans formatında Büro və sessiya iclasları keçirilib.
GUAM PA-nın 16-cı Büro iclasına qurumun sədri və bu təşkilatda Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgi Xelaşvili moderatorluq edib.
İclasda GUAM PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev iştirak edib.
Tədbirdə GUAM Parlament Assambleyası komitələrinin dünən dekabrın 20-də keçirilən birgə iclasının yekunları, qurumun komitələrində 2022-ci il üçün milli nümayəndə heyətlərinin tərkibinin təsdiqlənməsi, Gürcüstanda keçirilən bələdiyyə seçkilərində və Moldovada keçirilən parlament seçkilərində qurumun müşahidə missiyasının işi, GUAM PA-nın 14-cü sessiyasının yekun sənədinin layihəsi, GUAM PA-ya sədrliyin təhvil verilməsi və digər məsələlərə baxılıb.
Gündəliyin 4-cü məsələsi olan Gürcüstandakı bələdiyyə seçkilərində və Moldovada keçirilən parlament seçkilərində qurumun müşahidə missiyasının işi ilə bağlı GUAM-ın baş katibi Altay Əfəndiyev ətraflı məlumat verib. Məsələ ilə bağlı GUAM PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev çıxış edərək Gürcüstanda bələdiyyə seçkilərinin, Moldovada parlament seçkilərinin yüksək səviyyədə keçirilməsini vurğulayıb, seçkilərin demokratik şəkildə təşkilini, seçicilərin yüksək fəallığını qeyd edib.
Büro iclasında müzakirə olunan məsələlərlə bağlı çıxışlar edilib, gündəlikdəki mövzulara münasibət bildirilib.
***
Günün ikinci yarısında isə GUAM Parlament Assambleyasının Gürcüstan tərəfinin sədrliyi ilə videokonfrans formatında 14-cü Sessiyası keçirilib.
Sessiyada Milli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev və üzvləri Əli Məsimli, Qüdrət Həsənquliyev, Nəsib Məhəməliyev, Fatma Yıldırım, Cavid Osmanov iştirak ediblər.
Sessiyanın açılışında üzv ölkələrin qurumdakı nümayəndə heyətlərinin rəhbərləri, GUAM-ın baş katibi Altay Əfəndiyev, Baltik Assambleyasının vitse-prezidenti Yanis Vutsans çıxış ediblər. Azərbaycan Milli Məclisinin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Elnur Allahverdiyev çıxışını 2021-ci ildə Azərbaycanda və regionda baş verən hadisələr üzərində qurub. O, Azərbaycanın Ermənistanın işğalından azad etdiyi ərazilərdə apardığı quruculuq və bərpa işləri barədə məlumat verib. Həyata keçirilən nəqliyyat və kommunikasiya layihələrindən, bölgənin “Yaşıl zona” elan edilməsindən danışıb.
Azərbaycanla Ermənistan arasında sülhün bərqərar edilməsi, sərhədlərin delimitasiya və demarkasiyası, dəmir yollarının açılması ilə bağlı əldə edilən razılaşmaların tək Azərbaycan üçün deyil, həm də Ermənistan və bütün region üçün önəmini vurğulayıb.
Çıxışında Elnur Allahverdiyev noyabrın 28-də İspaniya paytaxtında Azərbaycan tərəfinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Parlamentlər Şəbəkəsinin təsis iclasının keçirilməsi barədə də məlumat verib.
COVİD-19 pandemiyasından söz açan Elnur Allahverdiyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin virusa qarşı vaksinlərin dünya dövlətləri arasında ədalətli şəkildə bölünməsi ilə bağlı qlobal təşəbbüsünün beynəlxalq aləmdə rəğbət qazanmasından danışıb.
Sonra sessiyada GUAM ölkələrinin yeni qlobal çağırışlar kontekstində əməkdaşlığı, COVİD-19 pandemiyasına, onun sosial və iqtisadi təsirlərinə qarşı mübarizə tədbirləri, Şərq Tərəfdaşlığı və GUAM - perspektivlər və imkanlar, quruma üzv ölkələrdəki münaqişələrin mövcud vəziyyəti və həlli perspektivləri, bu təşkilatın əsas iqtisadi layihələrinin dəstəklənməsi kimi məsələlər müzakirə edilib.
Sessiyada Milli Məclisin deputatları Fatma Yıldırım və Əli Məsimli çıxış ediblər. Deputatlar Azərbaycanın 44 günlük Vətən müharibəsində Zəfərinin Cənubi Qafqazda sülhün möhkəmləndirilməsi və regional əməkdaşlığın inkişafı baxımından yaratdığı imkanlara diqqət çəkiblər, işğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı və investisiya imkanları barədə danışıblar.
Sessiyada GUAM PA-ya sədrlik Gürcüstandan Moldovaya keçib.
İclasın sonunda yekun sənəd olaraq kommünike qəbul olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi