Milli Məclisdə görüş

Tədbirlər
23 dekabr 2021 | 18:27   
Paylaşın:        

Dekabrın 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Səməd Seyidov Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirlinin müvəqqəti işlər vəkili  Maykl Dikerson ilə görüşüb.

Səməd Seyidov qonağı səmimi salmayaraq Azərbaycanın ABŞ ilə münasibətlərə önəm verdiyini qeyd edib, parlamentlərimiz arasında əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb. Ölkələrimiz  arasında  müxtəlif sahələri əhatə edən əməkdaşlıq əlaqələrindən söz acıb.

Komitə sədri bildirib ki, bu yaxınlarda ABŞ-da səfərdə olub, ABŞ-Azərbaycan parlamentlərarası əlaqələrinin genişləndirilməsi üçün Konqres  Nümayəndələri ilə bir sıra görüşlər keçirib.

Azərbaycanda söz azadlığının təmin  olunduğunu vurğulayan komitə sədri bildirib ki, ölkəmizdə media azaddır. Vətəndaşların internet resurslarına, sosial şəbəkələrə azad çıxışı təmin edilib. Milli Məclisin fəaliyyətindən danışan komitə sədri parlamentdə müasir dövrün tələblərinə cavab verən yeni qanunların qəbul edildiyini,  yeni “Media haqqında” qanun layihəsinin hazırlanmasında da beynəlxalq təcrübəyə istinad olunduğunu, medianın azadlığının qorunmasına diqqət yetirildiyini söyləyib.

Görüşdə “Media haqqında” qanun layihəsi barədə məlumat verən Səməd Seyidov bildirib ki, dövlətimiz  söz və mətbuat azadlığı ilə bağlı məsələlərə hər zaman böyük diqqət yetirib. Bildirib ki, “Media haqqında” qanun layihəsinin ölkənin bir sıra media qurumlarının və aparıcı kütləvi informasiya vasitələrinin rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə geniş ictimai müzakirəsi keçirilib.

Söhbətdə Səməd Seyidov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Avropa İttifaqının Şərq Tərəfdaşlığı Proqramının VI Sammitində iştirak etmək üçün Belçika Krallığının paytaxtı Brüsselə işgüzar səfəri çərçivəsində keçirdiyi səmərəli görüşlərdən danışıb, bu səfərin  Azərbaycanın haqlı mövqeyinin ifadəsi ilə yanaşı, həm də aktuallığı ilə diqqət çəkdiyini söyləyib.

Görüşdə iştirak edən ABŞ ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Niqar Arpadarai Azərbaycanın tarixi Zəfəri, regionda sülhün və əmin-amanlığın təmin edilməsi, təhlükəsizliyin möhkəmləndirilməsi barədə fikirlərini bölüşüb.

ABŞ-ın Azərbaycandakı  səfirlinin müvəqqəti işlər vəkili  Maykl Dikerson Brüssel Sammitinin və keçirilən görüşlərin çox səmərəli olduğunu və region üçün müsbət addımların atıldığını vurğulayıb. 

Görüşdə qonağı media sahəsinə aid maraqlandıran suallar cavablandırılıb. 

Söhbət zamanı müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi, parlamentlərarası əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU