Milli Məclisdə icbari tibbi sığortaya həsr olunmuş dinləmə keçirilib
Dekabrın 23-də Milli Məclisin Səhiyyə komitəsinin təşkilatçılığı ilə ölkədə icbari tibbi sığorta ilə bağlı görülən işlər, hazırki vəziyyət və gələcək planlar barədə dinləmə keçirilib.
Komitənin sədri Əhliman Əmiraslanov tədbirdə çıxış edərək deyib ki, bu gün ölkəmiz və xalqımız üçün böyük əhəmiyyət kəsb edən məsələ müzakirə olunur. O, icbari tibbi sığortanın Azərbaycanda geniş şəkildə tətbiqinin vacibliyini, bu sosial layihədə ölkə əhalisinin maraqlı olduğunu söyləyib. Bildirib ki, əhaliyə yüksək səviyyədə və keyfiyyətli tibbi xidmətin göstərilməsi Prezident İlham Əliyevin daim diqqət mərkəzində olub. Ölkə başçısı əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi üçün icbari tibbi sığortanın geniş miqyasda həyata keçirilməsinin vacib olduğunu hər zaman qeyd edib və bununla bağlı bir neçə sərəncam imzalayıb.
Diqqətə çatdırılıb ki, 2018-ci ildə məhz Prezidentin tövsiyəsi ilə “Tibbi sığorta haqqında” qanun tamamilə yenilənib, sənədə 256 dəyişiklik edilib. Bundan sonra da qanunun təkmilləşdirilməsi davam etdirilib. Belə ki, son 3 il ərzində qanuna 14 əlavə və dəyişiklik olunub. Milli Məclisin Səhiyyə komitəsi Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə sıx əlaqələr qurub və mütəmadi olaraq icbari tibbi sığorta ilə bağlı məsələləri müzakirə edir.
Komitə sədri ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın icbari tibbi sığortanın geniş miqyasda müvəffəqiyyətlə həyata keçirilməsində rolunu xüsusi vurğulayıb.
Çıxışının sonunda Əhliman Əmiraslanov icbari tibbi sığortanın tətbiqi ilə bağlı deputatların qaldırdıqları məsələləri, bu sahədə bəzi məqamlarda yaranan sualları səsləndirib.
İclasda iştirak edən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev çıxışında bildirib ki, Agentlik 2016-cı ildə fəaliyyətə başlayıb. O, bu layihənin uğurla həyata keçirilməsində Prezidentin siyasi iradəsinin xüsusi rolunu qeyd edib. Bildirib ki, icbari tibbi sığortanın əsas məqsədi tibbi xidmətlərin əlçatanlığını təmin etməkdir. Bu istiqamətdə 2017-2019-cu illərdə pilot layihələr həyata keçirilib və yaxşı nəticələr əldə edilib.
Agentliyin rəhbəri icbari tibbi sığortanın tətbiqi istiqamətində həyata keçirilən işlər və tibbi xidmətlərin keyfiyyətinin artırılması istiqamətində görülən tədbirlər barədə məlumat verib. Qeyd edib ki, vətəndaşlara icbari tibbi sığorta çərçivəsində vaxtında lazımi tibbi xidmətlər göstərilir. O, bu sahədə peşəkar tibbi kadrların hazırlanmasının önəmli olduğunu deyib. Əhalinin icbari tibbi sığorta çərçivəsində vaxtında tibbi xidmətlərlə təmin olunması üçün xəstəxanalarda informasiya-kommunikasiya texnologiyaları infrastrukturunun yaradılması, tibbi avadanlıqlarla təminat məsələlərindən bəhs edib. Bildirilib ki, tibb müəssisələrinin resurslarından və kadr potensialından səmərəli istifadəni təmin etmək, fəaliyyətlərini optimallaşdırmaq və əhalinin müxtəlif növ tibbi yardıma əlçatanlığını təmin etmək məqsədilə zəruri işlər görülür.
Qeyd olunub ki, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, göstərilən elektron xidmətlərin genişləndirilməsi, səhiyyə işçilərinin təlimlərə cəlb edilməsi və digər tədbirlər göstərilən tibbi xidmətlərin keyfiyyətinə müsbət təsir göstərəcək.
Zaur Əliyev icbari tibbi sığorta çərçivəsində göstərilən tibbi xidmətlərin Xidmətlər Zərfində əks olunduğunu söyləyib. O, Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərin növləri barədə məlumat verib və bu xidmətlərin sayının gələcəkdə daha da artırılmasının nəzərdə tutulduğunu deyib. Qeyd edilib ki, Xidmətlər Zərfi əhalinin sağlamlıq vəziyyətinin yaxşılaşdırılmasına, tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsinə, insanların vaxtında müvafiq tibbi yardımla təmin olunmasına xidmət edir. Xidmətlər Zərfindən bütün sığortaolunanlar istifadə edə bilər.
Zaur Əliyev çıxışında 2021-ci il üzrə icbari tibbi sığorta sahəsində bəzi statistik məlumatları da səsləndirib.
Sonra iclasda çıxış edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov da Xidmətlər Zərfi ilə bağlı bəzi məqamları diqqətə çatdırıb. Bildirilib ki, Xidmət Zərfinə təcili və təxirəsalınmaz tibbi yardım, ambulator tibbi xidmət, laboratoriya xidmətləri, cərrahi tibbi xidmətlər, stasionar terapevtik və bir çox digər tibbi xidmətlər daxildir. Bununla yanaşı, orqan implantasiyası ilə bağlı əməliyyatları da Xidmətlər Zərfinə daxil etmək planlaşdırılır. Məlumatda xidmətlərlə bağlı mövcud rəqəmlər səsləndirilib və gələcəkdə nəzərdə tutulan artımlardan bəhs edilib. Qeyd edilib ki, icbari tibbi sığorta artıq bütün ölkəni əhatə edir. Layihənin əsas məqsədi tibb müəssisələrində sərbəstliyi təmin etməkdir və bu istiqamətdə müvafiq tədbirlər təşkil edilib. O da qeyd edilib ki, icbari tibbi sığortanın tətbiqi sayəsində tibbi xidmətlər üçün regionlardan şəhərə əhalinin axını azalıb. Bu, bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrində olan şəraitin, göstərilən xidmətlərin keyfiyyətinin yaxşılaşdırıldığını göstərir. Bildirilib ki, icbari tibbi sığorta üzrə göstərilən xidmətlərin növlərinin və keyfiyyətinin artırılması əhali üçün çox faydalı olacaq.
Sonra iclasda Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, deputatlardan Azay Quliyev, Rəşad Mahmudov, Soltan Məmmədov, Məlahət İbrahimqızı, İlham Məmmədov, Kamaləddin Qafarov, Müşfiq Məmmədli, Sədaqət Vəliyeva, Ülvi Quliyev çıxış edərək icbari tibbi sığortanın tətbiqinin əhəmiyyəti barədə söhbət açıblar, bu sahədə yaranan bəzi çətinliklərdən bəhs ediblər, maarifləndirmənin vacibliyindən danışıblar, suallarını səsləndiriblər.
İclasda iştirak edən səhiyyə nazirinin səlahiyyətlərini icra edən Teymur Musayev icbari tibbi sığortanın ölkəmizdə tətbiqinin bir il ərzində nəticələrini müsbət qiymətləndirib. O, Səhiyyə Nazirliyinin bu prosesə həm dəstək olduğunu, həm də aktiv iştirak etdiyini deyib. Qeyd edilib ki, icbari tibbi sığortanın uğurla həyata keçirilməsi nəticəsində biz 5 il ərzində Xidmətlər Zərfinin daha da zənginləşdirilərək tamamlanmasına nail olacağıq. Bildirilib ki, bütün islahatların əsasında səhiyyə sisteminin rəqəmsallaşdırılması dayanıb və icbari tibbi sığortanın tətbiqi bu sistemin bir hissəsidir. Bununla yanaşı, qabaqcıl tibbi texnologiyaların səhiyyə sisteminə gətirilməsi və tibbi xidmətlərə vətəndaşın əlçatanlığını təmin etmək önəmli məsələlərdir. Bu istiqamətlərdə ölkədə lazımi addımlar atılır.
İclasın sonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB İdarə Heyəti sədrinin vəzifələrini icra edən Vüqar Qurbanov deputatların toxunduğu bəzi məqamlara aydınlıq gətiriblər, səsləndirdikləri sualları cavablandırıblar.
İclasda deputatlar Məşhur Məmmədov, Etibar Əliyev, Anatoliy Rafailov və digər rəsmi şəxslər də iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi