“Turizm haqqında” qanun layihəsi üçüncü oxunuşda plenar iclasın müzakirəsinə tövsiyə olunub

Komitə iclasları
23 dekabr 2021 | 19:28   
Paylaşın:        

Dekabrın 23-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası olub.

İclasda “Turizm haqqında” qanun layihəsinin üçüncü oxunuşda geniş şəkildə müzakirəsi keçirilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “Turizm haqqında” qanun layihəsinin əvvəlki oxunuşda ətraflı müzakirə edildiyini, üçüncü oxunuşda da ətraflı fikir mübadiləsi üçün parlamentin digər komitələrinin sədrlərinin və üzvlərinin, həmçinin sahə mütəxəssislərinin də dəvət olunduğunu bildirib.

Musa Quliyev layihənin əvvəlki oxunuşlardakı müzakirələrində deputatların irəli sürdükləri təkliflərlə bağlı məlumat verib, səslənən fikirlər və təkliflərlə bağlı qanunun müəllifləri ilə işçi qaydada aparılan müzakirələri  iclas iştirakçılarının diqqətinə çatdırıb.

Müzakirələrdə komitə sədrlərinin müavinləri Fazil Mustafa, Jalə Əliyeva, deputatlar Vüqar Bayramov, Soltan Məmmədov, Arzu Nağıyev, Aqil Məmmədov, Müşfiq Cəfərov, Əziz Ələkbərov, Rauf Əliyev çıxış edərək fikirlərini səsləndiriblər.

Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev turizmin inkişafında bələdiyyələrin görə biləcəyi işlərdən  danışıb, yerli özünüidarə orqanlarının bu sahədə imkanlarının dəstəklənməsindən bəhs edib.

Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev sənəd üzərində əvvəlki oxunuşlarda aparılan iş barədə məlumat verib, qanunvericilik təşəbbüsü subyekti ilə intensiv müzakirələrdən sonra dəyişikliyə uyğun hesab edilmiş maddələri deputatların diqqətinə çatdırıb.

Dövlət Turizm Agentliyi Aparatının rəhbəri Kənan Qasımov  faydalı müzakirələrə görə minnətdarlığını ifadə edib, millət vəkillərinin təkliflərinin dəyərləndirildiyini, qanunun məqsəd və məramlarına uyğun olanlarının nəzərə alındığını bildirib.

Müzakirələrin sonunda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili çıxış edib. O, qanun layihəsinin geniş müzakirəsinin qanunun təkmilləşdirilməsi və turizm sahəsinin gələcək inkişafı baxımından əhəmiyyətindən danışıb. Turizm sahəsinin çərçivə qanunu sayılan hazırki sənəddə turizmin inkişafı niyyəti daşıyan bütün detalların əks olunmasının bu qanunun predmeti olmadığını vurğulayıb. Bildirib ki, sahənin çərçivə sənədi xarakteri daşıyan bu qanun layihəsi indiki halda turizm sahəsindəki münasibətləri tənzimləməyə tam kifayət edəcək.

Müzakirələrə yekun vuran Musa Qasımlı “Turizm haqqında” qanun layihəsinin sahə ilə bağlı bir çərçivə sənədi olaraq ümumi müddəaları və istiqamətləri kifayət qədər doğru müəyyənləşdirdiyini deyib. Turizmin inkişafı ilə bağlı detalların digər normativ hüquqi aktlarla tənzimlənməsinin daha faydalı olacağını, onların digər aktlarda öz əksini tapacağını bildirib.

İclasın yekununda deputatlar “Turizm haqqında” qanun layihəsini üçüncü oxunuşda baxılmaq üçün Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə ediblər.

İclasda Əmək və sosial siyasət komitəsi sədrinin müavini Məlahət İbrahimqızı, deputatlar Sevinc Hüseynova, İlham Məmmədov, Dövlət Turizm Agentliyinin şöbə müdiri Məhəmməd Muradov və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU