Gəncədə şəhid Rəhman Dilcan oğlu Bayramovun xatirəsi anılıb
Gəncə şəhərinin Şəhidlər Xiyabanında şəhid Rəhman Dilcan oğlu Bayramovun anım günü keçirilib.
Tədbirdə şəhid ailələri, qazilər, Milli Məclisin deputatı Pərvin Kərimzadə, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev, Kəpəz rayon İcra Hakimiyyətinin başçısı Eldəniz Xudiyev, YAP Gəncə şəhər təşkilatının əməkdaşları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasim iştirakçıları şəhid Rəhman Bayramovun Gəncənin Şəhidlər Xiyabanındakı məzarını ziyarət edib, ruhuna dualar oxuyublar, xatirəsini dərin ehtiramla yad ediblər.
Qeyd edək ki, Bayramov Rəhman Dilcan oğlu 20 avqust 1993-cü ildə Gəncə şəhərində doğulub. 2012-ci ildə Göygöl rayonunun 8 mart qəsəbə tam orta məktəbini bitirib. 2012-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib. 27 sentyabr 2020-ci il tarixində Vətən müharibəsinin başlaması ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevin ölkədə qismən səfərbərlik elan edilməsi haqqında Sərəncamına uyğun olaraq yenidən hərbi xidmətə çağırılıb.
Rəhman Bayramov xidmət etdiyi “N” saylı hərbi hissənin tərkibində Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək şəhidlik məqamına yüksəlib. Şəhidimizin İki övladı yadigar qalıb.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi