Deputat Jalə Əliyeva şəhid ailələri və qazilərlə görüşüb

Tədbirlər
30 dekabr 2021 | 16:29   
Paylaşın:        

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsi sədrinin müavini Jalə Əliyeva Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni il münasibətilə Ucar və Zərdab rayonlarından olan Vətən müharibəsi şəhidlərinin ailələri, qazilər və müharibə iştirakçıları ilə görüşüb.

Deputat Jalə Əliyeva tədbirdə çıxış edərək müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfərdən danışıb. Vurğulayıb ki, şəhid ailələri və qazilər daim Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunublar. Dövlətimiz şəhidlərin adını uca tutur və onların ailə üzvlərini düşündürən məsələləri həll etmək üçün mühüm işlər görür. Biz bu gün bir daha dövlət-xalq birliyinin nə qədər sarsılmaz olduğunu görürük.

Jalə Əliyeva diqqətə çatdırıb ki, şəhidlərin xatirəsinə ehtiram, onların ailələrinə və qazilərə qayğı hamımızın vətəndaşlıq borcudur. Xalqımız heç zaman Vətən müharibəsi şəhidlərini unutmayacaq, onların ailələrini və qazilərimizi hər zaman uca tutacaq.

Millət vəkili bu layihənin həyata keçməsinə göstərdiyi dəstəyə görə Azərbaycan Qızıl Aypara Cəmiyyətinə və onun rəhbəri deputat Novruzəli Aslanova təşəkkür edib.

Tədbirdə çıxış edən şəhid ailələri və qazilər göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyevə və Birinci vitse–prezident Mehriban Əliyevaya razılıqlarını bildiriblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU