Deputat Cavid Osmanov Ağdaşda Vətən müharibəsi qaziləri ilə görüşüb
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov Ağdaş rayonunun Pirkəkə kəndində yaşayan Vətən müharibəsi qazisi Osmanov Təhmasib Vasif oğlu və onun ailə üzvləri ilə görüşüb. Görüşdə qazilər Əliyarov Mürşüd Sənvər oğlu və İsayev Ayxan İlqar oğlu da iştirak ediblər.
Cavid Osmanov qazilərimizi və onların ailə üzvlərini Dünya azərbaycanlılarının həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edib. Deputat ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərdən bəhs edib. Vətən oğullarının döyüş meydanında göstərdiyi qəhrəmanlıqdan, ordumuzun misilsiz rəşadətindən, hərbçilərimizin əzmkarlığından, xalqımızın mübarizliyindən danışıb. Millət vəkili əldə olunan uğurları Prezident-Xalq birliyinin şərtləndirdiyini xüsusi vurğulayıb. Bildirib ki, hərbi əməliyyatlar zamanı əsgər və zabitlərimizin göstərdikləri şücaət hər birimizdə sonsuz iftixar hissi yaradıb. Qeyd edilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan qəhrəmanlarımızın ailələri, bu döyüşlərdə sağlamlıqlarını itirən qazilərimiz dövlət tərəfindən diqqət və qayğı ilə əhatə olunur. Cənab Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, onların sosial təminatının gücləndirilməsi istiqamətində zəruri addımlar atılır.
Görüşdə Vətən müharibəsi qaziləri keçdikləri döyüş yolundan, cəbhə təəssüratlarından ətraflı söz açıblar. Qazilər onlara göstərilən davamlı diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını bildiriblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi