Deputat Naqif Həmzəyev Gəncədə şəhid məzarlarını ziyarət edib
Gəncədə Vətən müharibəsi şəhidi Məmmədov Oqtay Namiq oğlunun doğum günü qeyd edilib. Milli Məclisin deputatı Naqif Həmzəyev, Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının təmsilçiləri, şəhidin ailə üzvləri və ictimaiyyətin nümayəndələri Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanına gələrək Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalan Məmmədov Oqtay Namiq oğlunun məzarını ziyarət edib, önünə tər çiçəklər düzüblər.
Anım mərasimində Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçıları şəhid Oqtay Məmmədovun keçdiyi döyüş yolundan danışıb, göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıblar.
Deputat Naqif Həmzəyev öz çıxışında 27 yaşı tamam olan Oqtayın, digər vətənpərvər Azərbaycan gənclərinin Vətən uğrunda müharibədə düşmənə qarşı mərdliklə vuruşaraq öz canları bahasına torpaqlarımızı azad etdiklərini deyib. Onların cəbhədə göstərdikləri cəsarəti, əzmi, igidliyi fəxrlə dilə gətirib. Millət vəkili Prezident, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun qazandığı möhtəşəm Qələbənin əhəmiyyətindən bəhs edərək, şəhidlərimizin əziz xatirəsinin ürəklərdə daim yaşayacağını vurğulayıb.
Mərasim iştirakçıları Azərbaycanın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin məzarları üzərinə gül dəstələri düzüblər.
Qeyd edək ki, Məmmədov Oqtay Namiq oğlu 1 yanvar 1994-cü ildə Gəncə şəhərində doğulub. Füzuli rayonu və Şuşa şəhəri uğrunda gedən döyüşlərdə iştirak edib. 2020-ci il noyabrın 8-də Xankəndi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Məmmədov Oqtay Namiq oğlu ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi