Deputat Arzu Nağıyev Tovuz rayonunda şəhidlərin anım mərasimlərində iştirak edib
Milli Məclisin deputatı Arzu Nağıyev yanvarın 4-də Tovuz rayonunun Əsrik Cırdaxan kəndində şəhidlərin xatirəsinə inşa edilmiş abidə kompleksini ziyarət edib. Millət vəkili həmçinin şəhid ailələri ilə görüşüb, onları maraqlandıran suallara aydınlıq gətirib.
Deputat Vətən müharibəsində yüzlərlə tovuzlu gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların vətənpərvərliyinin gələcək nəsillərə örnək olduğunu söyləyib.
Tarixi Qələbənin şəhidlərin qanı bahasına əldə edildiyini vurğulayan Arzu Nağıyev belə vətənpərvər, mərd, ləyaqətli övladlar böyütdüklərinə görə şəhid ailələrinə təşəkkürünü bildirib. Millət vəkili dövlətimizin və xalqımızın hər zaman şəhidlərimizin əziz xatirəsini uca tutacağını və şəhid ailələrinin həmişə dövlətimizin diqqət və qayğısı ilə əhatə olunacağını qeyd edib.
Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını ifadə ediblər.
* * *
Yanvarın 5-də Tovuz rayonunun Aran Yanıqlı kəndində 44 günlük Vətən müharibəsində Fizuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş qəhrəman oğullarımızdan biri – leytenant Heydərov Vasif Nazim oğlunun doğum günündə xatirəsi anılıb.
Tədbirdə Milli Məclisin deputatı Arzu Nağıyev, Tovuz Rayon İcra Hakimiyyətinin məsul işçiləri, şəhidin doğmaları, şəhid ailələrinin üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəhid Vasif Heydərovun məzarı ziyarət olunaraq ruhuna dualar edilib, onun və şəhid olmuş digər igid Vətən oğullarımızın unudulmaz xatirəsi dərin ehtiramla yad olunub.
Qeyd edək ki, şəhid Vasif Heydərov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda” və “Fizulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi