Deputat Cavid Osmanov qazi və şəhid ailələri ilə görüşüb
Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Cavid Osmanov Ağdaş şəhərində yaşayan Vətən müharibəsində yaralanaraq ayağını itirən qazi İsayev Ayxan İlqar oğlu və onun ailə üzvləri ilə görüşüb.
Millət vəkili, eyni zamanda, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət" aviasiya poliqonunda təlim uçuşları yerinə yetirərkən qəzaya uğraması nəticəsində şəhidlik zirvəsinə ucalmış mayor Mayılov Emil Şahid oğlunun Ağdaş şəhərində keçirilən yas mərasimində iştirak edib, onun ailə üzvlərinə başsağlığı verib.
Cavid Osmanov, habelə Gürcüva kəndində şəhid Hacıyev Murad Eynulla oğlunun, Tofiqi kəndində şəhid Əliyev Elşad Mehman oğlunun, Ağcayazı kəndində şəhid Səlimzadə Ramil Raqif oğlunun ailə üzvləri ilə də görüşüb. Deputat, həmçinin Ağdaş şəhərində şəhid Məmmədov Elvin Eldəniz oğlunun ailəsində olub, onun bacısı balaca Dənizi ad günü münasibəti ilə təbrik edib.
Deputatımız keçirdiyi görüşlərdə 44 günlük Vətən müharibəsində minlərlə gəncin qəhrəmanlıqla döyüşdüyünü, adları Vətən tarixinə qızıl hərflərlə yazılan şəhidlərimizin daim hörmət və ehtiramla yad edildiyini, onların gələcək nəsillərə örnək olduğunu bildirib. Görüşlər zamanı qazilərin və şəhid ailələri üzvlərinin müraciətləri diqqətlə dinlənilib, onları narahat edən bəzi məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Qazilər və şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirib, ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi