Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk onlayn iclası keçirilib
Yanvarın 18-də Milli Məclisin Elm və təhsil komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk onlayn iclası keçirilib.
Komitə sədri Bəxtiyar Əliyev əvvəlcə yeni sessiyanın başlanması münasibəti ilə həmkarlarını təbrik edib və onlara yaz sessiyasındakı fəaliyyətlərində uğurlar arzulayıb. Sonra o, komitənin 2022-ci il yaz sessiyasının qanunverilik işləri planı haqqında danışıb. Bəxtiyar Əliyev yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə ətraflı məlumat verib. O bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsi üzərində işçi qrupun işi tamamlanıb və sənəd müvafiq qurumlardan rəy alınandan sonra qarşıdakı sessiyada komitədə müzakirə ediləcək. Bu sessiyada, eyni zamanda “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanması və digər bəzi qanun layihələrinin müzakirəsi nəzərdə tutulub. Qeyd edilib ki, komitə üzvlərinin ölkədaxili və beynəlxalq səviyyəli bir sıra tədbirlərdə iştirakı planlaşdırılır. İclasda komitənin iş planı yekdilliklə təsdiqlənib.
Sonra Bəxtiyar Əliyev 2021-ci ilin payız sessiyası ərzində komitədə görülən işlərə dair hesabatı təqdim edib.
Bildirilib ki, hesabat dövründə komitənin 6 iclası keçirilib, 11 məsələyə baxılıb. İclaslarda “Təhsil haqqında”, “Peşə təhsili haqqında” və digər qanunlarda edilən dəyişikliklər müzakirə olunub. Bəxtiyar Əliyev qeyd edib ki, komitə üzvləri “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirələrində də fəal iştirak ediblər.
Komitə sədri hesabat dövründə vətəndaşlardan komitəyə 129 ərizə və məktubun daxil olduğunu bildirib. Müraciətlər qeyd olunan məsələlərin həlli üçün aidiyyəti qurumlara ünvanlanıb. Bildirilib ki, komitə üzvləri sessiya dövründə vətəndaşlarla daim ünsiyyətdə olub, onları maraqlandıran məsələlərlə bağlı öz səlahiyyətləri çərçivəsində lazimi işlər görüblər. Qeyd edilib ki, Vətəndaşlardan daxil olan müraciətlərin sayı azalıb bu da ondan irəli gəlir ki, ölkədə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan vətəndaşı daima dövlətin, dövlət başçısının diqqət mərkəzindədir.
İclasda komitə sədri bu günlərdə Prezident cənab İlham Əliyevin ölkə mediasına verdiyi müsahibə haqqında söz açıb. Bildirib ki, Prezident müsahibəsində Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət və qayğını xüsusi vurğulayıb. Qeyd edib ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da dünyada nümunəvi sayıla bilər. Azərbaycan bu sahədə özünün modelini ortaya qoyur və başqa dövlətlər də bu uğurlu modeli tətbiq edə bilərlər.
Sonra payız sessiyası dövründə komitə üzvlərinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibindəki fəaliyyətlərindən, beynəlxalq tədbirlərdə iştiraklarından bəhs edilib. Hesabat dövründə komitə üzvlərinin ölkə həyatında baş verən ictimai-siyasi proseslərdə fəal iştirak etdiyini bildirilib. Bəxtiyar Əliyev hesabat dövründə bir sıra tədbirlərdə iştirak etdiyini diqqətə çatdırıb. Ölkəmizin 44 günlük Vətən Müharibəsində Qələbəsinin birinci ildönümü münasibəti ilə Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində keçirilən rəsmi qəbulda da iştirak edib.
Sonra Elm və təhsil komitəsinin sədr müavini Musa Qasımlı, komitə üzvləri Şahin Seyidzadə, Ceyhun Məmmədov və Etibar Əliyev öz çıxışlarında təhsil sahəsinə dair və digər məsələlərlə bağlı rəy və təkliflərini bildiriblər.
Komitənin 2021-ci il payız sessiyası dövründə hesabatı məqbul hesab edilib.
Onlayn iclasda komitə üzvləri Eldar Quliyev, Aqiyə Naxçıvanlı, Kamilə Əliyeva, Rəfael Hüseynov, Anar İsgəndərov, Tamam Cəfərova, Afət Həsənova, Fatma Yıldırım, Müşfiq Məmmədli və Pərvin Kərimzadə iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi