Deputat Müşfiq Məmmədli şəhidlərin barelyefinin açılış mərasimində iştirak edib
Milli Məclisin deputatı Müşfiq Məmmədli yanvarın 15-də Sumqayıt şəhərində 44 günlük Vətən müharibəsi zamanı şəhid olmuş Azərbaycan Silahlı Qüvvələrinin kapitanı Ülvü Hüseynov və leytenant Ülvü Məhərrəmovun əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə hazırlanmış barelyefin açılış mərasimində iştirak edib.
Tədbirdə çıxış edən deputat Müşfiq Məmmədli bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Qələbə ilə sona çatan Vətən müharibəsi zamanı canlarını fəda etmiş igid oğullarımızın adları hər bir ölkə vətəndaşının qəlbində əbədi olaraq yaşayacaq. Azərbaycan xalqı öz mübariz övladlarının şücaətini hər zaman yüksək qiymətləndirəcək və şəhidlərimizin əziz xatirəsini daim uca tutacaq. Millət vəkili şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu söyləyib.
Şəhidlərin valideynləri çıxış edərək övladlarının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbir iştirakçılarına təşəkkür ediblər. Şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən hərtərəfli diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya öz minnətdarlıqlarını ifadə ediblər.
Məlumat üçün bildirək ki, Vətən müharibəsi şəhidi Ülvü Hüseynov 1988-ci il aprelin 16-da Ordubad rayonunun Sabir kəndində anadan olub. Azərbaycan Ordusunun kapitanı olan Ülvü Hüseynov Şuşa uğrunda gedən döyüşlərdə mərdliklə vuruşub. Ülvü Hüseynov noyabrın 7-də Şuşa döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə kapitan Ülvü Hüseynov ölümündən sonra “Qarabağ” ordeni, “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Vətən müharibəsi şəhidi Ülvü Məhərrəmov 1997-ci il iyulun 5-də Sumqayıt şəhərində anadan olub. Əslən Qubadlı rayonundan idi. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil alıb. Subay idi.
Azərbaycan Ordusunun leytenantı olan Ülvü Məhərrəmov Xocavəndin və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə igidliklə savaşıb. Ülvü Məhərrəmov oktyabrın 14-də Füzuli döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə leytenant Ülvü Məhərrəmov ölümündən sonra "Xocavəndin azad olunmasına görə", “Şuşanın azad olunmasına görə”, “Vətən uğrunda” medalları ilə təltif olunub.
Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin məsul şəxsləri və ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi