Qazax rayonunda şəhidlərimizin medalları ailələrinə təqdim olunub

Tədbirlər
19 yanvar 2022 | 15:52   
Paylaşın:        

Qazax rayonunda daha 4 Vətən müharibəsi şəhidinin medallarının ailələrinə təqdim edilmə mərasimləri keçirilib. Tədbirlərdə baş leytenant Hüseynov Nəbi Hacıbala oğlunun təltif olunduğu "Füzulinin azad olunmasına görə”, əsgər Vəliyev Anar Həmzə oğlunun təltif  olunduğu "Suqovuşanın azad olunmasına görə”, əsgər Allahverdiyev Sakit Şahin oğlunun təltif olunduğu "Şuşanın azad olunmasına görə” və kiçik gizir Mədətov Röyal Şahin oğlunun təltif olunduğu "Füzulinin azad olunmasına görə” medalları şəhidlərimizin ailələrinə təqdim edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, rayon icra hakimiyyətinin, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin nümayəndələri şəhidlərimizin evlərində olublar, ailə üzvləri ilə görüşərək medalları onlara çatdırıblar.

Görüşlərdə aparılan söhbətlər zamanı Milli Məclisin komitə sədri Səməd Seyidov bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini diqqətə çatdırıb və ailələrinə bir daha başsağlığı verib.

Bildirib ki, şəhidlərimiz hər zaman bizim fəxrimiz, qürur yerimiz olacaq. Bugünkü qələbəmizi, qalib ölkənin vətəndaşı olmaq sevincini şəhidlərimizə və sağlamlığını itirən qazilərimizə borcluyuq. Səməd Seyidov torpaq uğrunda canından keçən vətənpərvər oğulları böyüdən ata və analarımızla hər birimizin fəxr etdiyini, illər ötsə də, nəsillər dəyişsə də şəhidlərimizin Vətən qarşısında xidmətlərinin heç vaxt unudulmayacağını vurğulayıb. O, qanları ilə tarix yazan övladlarımızın həyat və döyüş yolunun, Vətən üçün göstərdikləri qəhrəmanlıqların gələcək nəsillərə çatdırılmasının vacibliyindən danışıb. Bildirib ki, hər birimiz bugünkü şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə, qazilərimizə minnətdarıq.

Görüşlərdə söhbətlər zamanı şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir, qazilərimizə isə can sağlığı arzuları ifadə olunub.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi

 



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU