Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib

Sədrin görüşləri
19 yanvar 2022 | 18:02   
Paylaşın:        

Bu gün 98 saylı Şəmkir şəhər seçki dairəsindən millət vəkili, Milli Məclisin sədri Sahibə Qafarova videokonfrans formatında seçicilərin növbəti qəbulunu keçirib. Videoqəbulda spiker seçicilərin bir sıra məsələlərlə əlaqədar müraciətlərini dinləyib. Görüşdə qeyd olunub ki, Milli Məclis sədrinin seçicilərlə bu formatda görüşləri mütəmadi olaraq keçirilir və bu günə qədər keçirilən bu qəbildən olan tədbirlərdə 200-ə yaxın seçici iştirak edib. Əvvəlki videoqəbullarda qaldırılan bir sıra məsələlər artıq həllini tapıb.

Sahibə Qafarova seçicilərə məlumat verib ki, ölkəmizdə möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin mərkəzində ölkə vətəndaşlarının ali mənafeyi dayanır. Bildirilib ki, Azərbaycanda reallaşdırılan tədbirlər ölkəmizin dinamik iqtisadi inkişafının qorunması fonunda əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi, rifah halının daha da yaxşılaşdırılması məqsədlərinə xidmət edir. Sahibə Qafarova xatırladıb ki, son dövrlər minimum əməkhaqqı 20 faiz, minimum pensiya 20 faiz, təqaüdlər və digər sosial müavinətlər əsaslı şəkildə artırılıb, dövlət başçısı tərəfindən bu məqsədlə imzalanan sənədlər 2 milyon vətəndaşımızı əhatə edir.

Spiker videoqəbulda regionlarda da geniş abadlıq və quruculuq işlərinin həyata keçirildiyini vurğulayaraq, qeyd edib ki, əhalinin  fasiləsiz elektrik enerjisi və təbii qazla təmin olunması, müasir təhsil, səhiyyə, mədəniyyət infrastrukturunun yaradılması, su və kanalizasiya xətlərinin yenilənməsi və bu qəbildən olan digər tədbirlər regionların inkişafında prioritet təşkil edib. O, xüsusi olaraq, 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunmuş möhtəşəm qələbə nəticəsində işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən çox geniş miqyaslı quruculuq və bərpa işləri haqqında da danışaraq, qeyd edib ki, Azərbaycan bütün bu işləri öz gücü və imkanları hesabına görür.

Sahibə Qafarova həmçinin ölkəmizdə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər haqqında da məlumat verərək, bir daha hər kəsi zəruri sosial davranış, şəxsi gigiyena və tibbi – profilaktik qaydalara əməl etməyə, sosial məsafəyə riayət etməyə çağırıb, bildirib ki, hər birimiz bu yeni davranış qaydalarına özümüzü uyğunlaşdırmalıyıq.

Qeyd edək ki, görüşdə seçici müraciətlərində əksini tapan bəzi məsələlər yerli xarakterli olduğundan baxılması üçün İcra Hakimiyyəti nümayəndələrinə istiqamətləndirilib. Digər bir qism müraciətlərin araşdırılması üçün aidiyyatı orqanlara sorğular göndərilib.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU