Yaz sessiyasında İnsan hüquqları komitəsinin ilk iclası keçirilib

Komitə iclasları
24 yanvar 2022 | 15:26   
Paylaşın:        

Yanvarın 24-də Milli Məclisin İnsan hüquqları komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Onlayn formatda keçirilən iclası açan komitənin sədri Zahid Oruc deputatlara qarşıdan gələn sessiyada uğurlar diləyib. Gündəlik barədə məlumat verən komitə sədri bildirib ki, gündəliyə Milli Məclisin 2021-ci ilin payız sessiyası ərzində İnsan hüquqları komitəsində görülən işlər barədə hesabat və 2022-ci ilin yaz sessiyası üçün iş planı daxil edilib.

Əvvəlcə komitənin ötən sessiyada gördüyü işlər barədə hesabatı müzakirə edilib. Komitə sədri bildirib ki, hesabat dövründə İnsan hüquqları komitəsinin 9 iclası keçirilib.

Zahid Oruc həmin iclaslarda baxılan qanun layihələri barədə qısa məlumat verib, “Media haqqında” qanun layihəsinin geniş dinləmələrdən, müxtəlif platformalarda müzakirələrdən keçdiyini xüsusi vurğulayıb. O, ötən sessiya dövründə komitədə keçirilən görüşlərdən, aparılan müzakirələrdən və digər tədbirlərdən danışıb.

Qeyd olunub ki, hesabat dövründə komitəyə 470 sənəd daxil olub. Vətəndaşlardan daxil olan ərizə və müraciətlər komitədə geniş təhlil olunub, araşdırılıb, müvafiq tədbirlər görülüb və ya onların həlli üçün aidiyyatı qurumlar qarşısında məsələ qaldırılıb.

Onlayn iclasda İnsan hüquqları komitəsi sədrinin müavini Tahir Kərimli, komitə üzvləri Hikmət Məmmədov, Naqif Həmzəyev, Razi Nurullayev, Elman Nəsirov çıxış ediblər. Deputatlar ötən sessiya dövründə Milli Məclisin qarşısında duran vəzifələrin öhdəsindən ləyaqətlə gəlməsini, parlament diplomatiyasının uğurla həyata keçirilməsini qeyd ediblər. Çıxış edənlər müzakirəyə çıxarılan hesabatla bağlı fikirlərini bildiriblər, komitənin fəaliyyətindən, seçicilərlə apardıqları işlərdən bəhs ediblər. Sonda komitə üzvləri sənədi məqbul sayıblar.

Sonra İnsan hüquqları komitəsinin 2022-ci il yaz sessiyası üçün iş planı müzakirə edilib. İş planı haqqında məlumat verən komitə sədri Zahid Oruc bildirib ki, daxil olacaq qanun layihələrinin və digər sənədlərin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması ilə yanaşı, sənəddə bir sıra dinləmələrin keçirilməsi nəzərdə tutulub. Komitə sədri işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışın və reinteqrasiyanın tənzimlənməsi barədə fikirlərini bölüşüb.

İş planının müzakirəsində komitə sədrinin müavini Tahir Kərimli, deputatlar Bəhruz Məhərrəmov, Elşad Mirbəşiroğlu, Naqif Həmzəyev, Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnsan hüquqları üzrə qanunvericilik sektorunun müdiri Sarvan Sadıqov iş planı barədə fikirlərini açıqlayıblar. Çıxış edən deputatlar insan hüquqlarının, o cümlədən qadın hüquqlarının qorunmasının tənzimlənməsi kimi məsələlərlə bağlı müzakirə və dinləmələrin təşkili barədə rəylərini səsləndiriblər. Sonra iş planı səsə qoyularaq təsdiqlənib.

Bununla da İnsan hüquqları komitəsinin 2022-ci ilin yaz sessiyasında ilk iclası başa çatıb.

Onlayn iclasda deputatlar Jalə Əhmədova, Fazil Mustafa və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU