ATƏT PA-nın Büro iclasında
Yanvarın 24-də ATƏT PA-nın video formatda Büro iclası keçirilib. İclasda Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri və qurumun vitse-prezidenti Azay Quliyev iştirak edib.
Büro iclasında ATƏT PA-nın 2022-ci ilin 23-25 fevralında Vyanada planlaşdırılan qış sessiyasının keçirilmə qaydası müzakirə edilib. Büro üzvləri cari ilin aprelində Macarıstan və Serbiyada keçiriləcək Parlament seçkilərinə beynəlxalq müşahidə missiyasının göndərilməsi haqqında qərar qəbul ediblər.
ATƏT PA-nın Büro iclasında beynəlxalq təhlükəsizliyin hazırkı durumu geniş müzakirə olunub. Büro üzvləri son günlər Qazaxıstanda, o cümlədən Ukrayna ilə bağlı Şərqi Avropada yaranmış vəziyyətlə əlaqədar fikirlərini bildiriblər.
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev Büro iclasında mövzu ətafında çıxış edərək fikirlərini bölüşüb.
Daha sonra Azay Quliyev ATƏT-in Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumunun hazırkı sədri kimi Azərbaycanın prioritetləri haqqında Büro üzvlərinə və qonaqlara məlumat verib.
Deputatımız çıxışı zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində son vaxtlar atılan addımlar haqqında da danışıb. Bildirib ki, dekabrın 14-də Brüsseldə Avropa İttifaqının Prezidenti cənab Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti cənab İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən Üçtərəfli görüşdə post-münaqişə məsələləri ətraflı müzakirə edilib. Brüssel görüşündə Ermənistan nəqliyyat kommunikasiyalarının, xüsusilə Zəngəzur dəhlizinin açılması və dövlət sərhədlərinin delimitasiyasına başlanılması haqqındakı əvvəlki öhdəliyini yeniləyib. Avropa İttifaqı da öz növbəsində bu məqsədlə investisiya layihələrini maliyyəşdirməyə razılıq verib. Azərbaycan vaxt itirmədən hər iki ölkənin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində Ermənistanla sülh müqaviləsinin hazırlanması prosesinə başlamağa hazırdır.
ATƏT PA-nın vitse-prezidenti 44 günlük İkinci Qarabağ müharibəsinin geosiyasi nəticələrindən biri kimi Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə hər iki tərəfdən xüsusi nümayəndənin təyin olunmasını və onların ilk görüşünün Moskvada keçirilməsini mühüm yenilik adlandırıb.
Sonda Azay Quliyev Qazaxıstandakı hadisələr zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verdiyini bildirib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi