Milli Məclis sədrinin müavini Adil Əliyev şəhid barelyefinin açılışında iştirak edib
Yanvarın 27-də Bakı şəhəri Nərimanov rayonu 207 saylı məktəbdə Vətən müharibəsi şəhidi, baş leytenant Səid Rəşidzadənin barelyefinin açılış mərasimi olub.
Tədbirdə Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Aqil Abbas, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edən vitse-spiker Adil Əliyev əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilməsi məqsədilə Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuzun döyüş meydanında göstərdiyi misilsiz hünərdən danışıb. Bildirib ki, qəhrəman övladlarımızın hesabına tarixi torpaqlarımız uzun illərdən sonra azad olunub və üçrəngli bayrağımız Vətən göylərində qürurla dalğalanır. Vitse-spiker bu möhtəşəm qələbəni bizə yaşadanların əziz xatirəsinin hər zaman uca tutulacağını diqqətə çatdırıb, Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbr, qazilərimizə şəfa diləyib. Bildirib ki, şəhid ailələri və qazilərimiz hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət mərkəzindədirlər.
Daha sonra çıxış edənlər şəhid Səid Rəşidzadənin həm Aprel döyüşlərində, həm də Vətən müharibəsində göstərdiyi şücaətlərdən danışıblar, onunla bağlı xatirələrini bölüşüblər.
Qeyd edilib ki, şəhid Səid Rəşidzadə Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlara görə dövlət başçısı tərəfindən ölümündən sonra "Vətənə xidmətə görə" ordeni, "Vətən uğrunda" və "Xocavendin azad olunmasına görə" medalları ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi