Bakıda QDİƏT PM-in Baş Assambleyasının 40-cı iclası öz işinə başladı
Noyabrın 27-də Milli Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisi (QDİƏT PM) Baş Assambleyasının 40-cı plenar sessiyası öz işinə başladı.
Milli Məclisin və QDİƏT PM-in Sədri Oqtay Əsədov qonaqları salamlayaraq onlara işlərində uğurlar arzuladı.
Oqtay Əsədov bildirdi ki, tədbirdə Avropa Şurası Parlament Assambleyasının, Avropa Parlamentinin, MDB Parlament Assambleyasının və digər beynəlxalq təşkilatların nümayəndələri, diplomatik korpusun təmsilçiləri iştirak edirlər. Əminəm ki, toplantıda aparılacaq fikir mübadiləsi, veriləcək tövsiyələr təşkilatımızın məqsədlərinə nail olmağımıza kömək göstərəcəkdir. Sədr diqqətə çatdırdı ki, on doqquz il öncə yaradılmış Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisi özünü parlamentlərarası dialoqun demokratik forumu və xalqlar arasında möhkəm əlaqələr yaratmağın səmərəli vasitəsi kimi təsdiqləmişdir. Parlament Məclisi Qara dəniz bölgəsinin əmin-amanlıq və çiçəklənmə zonasına çevrilməsi məqsədilə müxtəlif təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi baxımından böyük potensiala malik olduğunu sübuta yetirmişdir.
Oqtay Əsədov qeyd etdi ki, müasir dünyada siyasi inkişaf meyllərinin mühüm bir hissəsi regional inteqrasiya proseslərinin geniş vüsət alması ilə bağlıdır. Bu proseslərin mərkəzində dayanan regional təşkilatların yaratdığı əməkdaşlıq imkanları dövlətlər arasında ikitərəfli və çoxtərəfli əsasda siyasi, iqtisadi, mədəni və digər əlaqələrin dərinləşməsinə yol açır. Məmnunluq hissi ilə qeyd edirəm ki, QDİƏT çərçivəsində həyata keçirilən iş birliyi təşkilatın üzvləri arasında siyasi münasibətlərin daha da möhkəmlənməsinə, ölkələrimiz üçün ümumi olan bir çox problemlərin həllinə kömək göstərir.
Azərbaycan Respublikasının Milli Məclisi QDİƏT PM çərçivəsində əməkdaşlıq və tərəfdaşlıq münasibətlərinin dərinləşməsinə böyük əhəmiyyət verir. Altı ay bundan əvvəl Azərbaycan parlamenti quruma sədrliyi qəbul etmiş və bu şərəfli missiyanı layiqincə yerinə yetirməyə çalışmışdır. Bu müddətdə təşkilatın fəaliyyəti daha da təkmilləşmiş, onun beynəlxalq nüfuzu bir qədər də yüksəlmişdir.
Sədr vurğuladı ki, hazırda Yer kürəsinin müxtəlif bölgələrində mövcud olan siyasi, iqtisadi, ekoloji və digər problemlərin bir çoxunu ölkələrin səylərini birləşdirmədən həll etmək mümkün deyildir. Digər tərəfdən, bölgəmizin dünya siyasətində və iqtisadiyyatında artan rolu Qara dəniz ailəsinin bütün üzvləri arasında sıx əməkdaşlığın vacibliyini ön sıraya çıxarır.
Təşkilatımızın üzvü olan dövlətlərin birgə səyləri ilə həyata keçirilmiş iqtisadi layihələr, xüsusən Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərləri, yekunlaşmaqda olan yeni Bakı-Tbilisi-Qars dəmiryol xətti, icrasına hazırlıq görülən TANAP qaz kəməri layihəsi və digər layihələr Qara dəniz bölgəsinin nə qədər böyük potensiala malik olduğunu göstərir. İnanıram ki, getdikcə sayı artan bu layihələr bölgəmizin tərəqqi və çiçəklənmə zonasına çevrilməsinə gətirib çıxaracaqdır.
Sədr onu da qeyd etdi ki, təəssüf ki, indiyədək həll edilməyən bir sıra problemlər, o cümlədən bizim zorla cəlb edildiyimiz Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi regionun dinamik inkişafı yolunda böyük maneəyə çevrilmiş, eyni zamanda, beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi qorxu törədir. Biz əminik ki, bütün bu münaqişələr hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normaları və prinsipləri, xüsusən onların arasında başlıca prinsip olan dövlətlərin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyü prinsipi əsasında tez bir zamanda öz həllini tapacaqdır. İnanıram ki, regionumuzun sülh və sabitlik zonasına çevrilməsi burada yaşayan bütün xalqların mənafelərinə cavab verərdi.
Sonra Oqtay Əsədov iclası açıq elan etdi.
Milli Məclisin Sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tədbir iştirakçılarına müraciətini oxudu.
Daha sonra Türkiyə Böyük Millət Məclisinin sədri (TBMM) Cəmil Çiçək çıxış etdi və tədbirin yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirdi. Cəmil Çiçək dedi ki, Qara dəniz regionundakı ölkələr müxtəlif mədəniyyətlərə malik olsalar da, bura bizim bir ortaq əməkdaşlıq məkanımızdır. Bütün fərqliliklərə baxmayaraq, əməkdaşlığımızı inkişaf etdirmək, yalnız və yalnız xalqlarımızın maraqlarına xidmət edir.
O, bildirdi ki, Qara dəniz bölgəsinin mövcud potensialı və iqtisadi inkişafı getdikcə dünyanın diqqət mərkəzinə çevrilir. QDİƏT regionda sülh layihəsidir və təşkilat yarandığı gündən bunu uğurla həyata keçirir, regionda sülhün və sabitliyin bərqərar olması istiqamətində ciddi fəaliyyət göstərir. Cəmil Çiçək qeyd etdi ki, biz regionda sülh və sabitliyi təmin etmək üçün dinlərarası və mədəniyyətlərarası əlaqələri inkişaf etdirməliyik.
TBMM-in Sədri, həmçinin QDİƏT çərçivəsində parlamentlərin sıx əməkdaşlığının, əlaqələrin qurulmasının qurumun digər istiqamətdə gördüyü işlər kimi əhəmiyyətli olduğunu, bölgə üçün vacibliyini qeyd etdi.
Sonra çıxış edən QDİƏT-in Baş katibi Viktor Tvikun görülən işlər və qarşıda duran vəzifələrdən danışdı, təşkilatın son 6 ay müddətində gördüyü işlər barədə məlumat verdi.
O, dedi ki, QDİƏT-in Belqrad toplantısında regionun davamlı inkişafını təmin etmək üçün layihələrin həyata keçirilməsi və bu istiqamətdə, xüsusilə də Qara Dəniz regionda dairəvi nəqliyyat yolunun salınması və bununla da region ölkələri arasında ticarət dövriyyəsinin artırılması əməkdaşlığa öz töhfəsini verəcəkdir. Baş katib bildirdi ki, təşkilatın fəaliyyətinin effektivliyini artırmaq üçün 17 prioritet müəyyən edilmişdir.
Təşkilatın İstanbul sammitinin əhəmiyyətindən danışan Baş katib bildirdi ki, sammitin yekununda bəyannamə qəbul edilmiş və burada üzv dövlətlər öz üzərlərinə ciddi öhdəliklər götürmüşlər. Bu öhdəliklərə əsasən, region ölkələri arasında ticarət dövriyyəsinin artırılması, davamlı inkişaf strategiyasının hazırlanması, ekoloji problemlərin həlli, gender bərabərliyi, birgə nəqliyyat infrastruktur layihələrinin həyata keçirilməsi, təhsil və gənclər sahələrinə investisiyaların yatırılması və digər məsələlər aiddir. Baş katib onu da əlavə etdi ki, hazırda təşkilata sədrlik edən Türkiyə təşkilatın regional əməkdaşlığının inkişaf etdirilməsini nəzərdə tutan fəaliyyət planı hazırlamışdır. Bu planda əsasən regionun davamlı inkişafı, nəqliyyat, təhsil, kommunikasiya, İKT, elm, texnologiya və digər məsələlər öz əksini tapmışdır ki, bu da regional əməkdaşlığın inkişafına öz töhfəsini verəcəkdir.
Baş katib yaxın vaxtlarda QDİƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısının keçiriləcəyini, 2013-cü ilin yanvarından isə Ukraynanın QDİƏT-ə sədrliyi qəbul edəcəyini bildirdi.
İclasda həmçinin prosedur məsələlərə baxıldı, QDİƏT PA-nın yaradılmasının 20-ci ildönümü haqqında bəyannamə qəbul olundu.
İclasda üzv ölkələrin razılığına əsasən, Türkdilli Ölkələrin Parlament Assambleyasına QDİƏT-də müşahidəçi statusu verildi.
Fasilədən sonra QDİƏT PM-in Baş Assambleyasının 40-cı iclası işini davam etdirdi.
Plenar sessiyada qurumun İqtisadiyyat, ticarət, texnoloji və ekoloji məsələlər komitəsinin təqdimatında “QDİƏT ölkələrinin dözümlü iqtisadi inkişafında dövlət-özəl sektor tərəfdaşlığının rolu” mövzusunda məruzə dinlənildi. Quruma üzv dövlətlərin nümayəndələri məsələyə münasibət bildirdilər. Məruzəyə dair tövsiyə layihəsi müzakirə edilərək qəbul olundu.
Bugünkü iclasın yekununda qurumun Hüquqi və siyasi məsələlər komitəsindən daxil olmuş “QDİƏT-ə üzv dövlətlərdə kiber təhlükəsizliyin möhkəmlənməsində parlamentlərin rolu” məsələsinə də baxıldı. Məruzədən sonra müvafiq tövsiyə layihəsinə dair fikir mübadiləsi aparıldı və sənəd qəbul olundu.
Bununla da QDİƏT PM-in Baş Assambleyasının 40-cı iclası bugünkü işini yekunlaşdırdı, sabah iclas öz işini davam etdirəcək.
Milli Məclisin
Mətbuat xidməti