Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib

Plenar iclaslar
01 fevral 2022 | 17:39   
Paylaşın:        

Fevralın 1-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin yaz sessiyasında ilk plenar iclası keçirilib. Milli Məclisin sədri sessiyanı açıq elan etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

İclasda çıxış edən spiker ötən ilin yekunları barədə deputatlara məlumat verdiyini diqqətə çatdırıb. O, qeyd edib ki, 1 il ərzində Milli Məclisin 38 iclası keçirilib, 222 qanun və qərar qəbul edilib.

Parlamentin fəaliyyəti möhtərəm Prezidentimiz İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini  qanunvericilik səviyyəsində dəstəkləməyə yönəlib, ölkənin ictimai-siyasi həyatının mühüm məsələlərinə münasibət bildirilib. 

Sahibə Qafarova deyib ki, Milli Məclisin beynəlxalq fəaliyyəti sessiyalar arasındakı dövrdə də davam edib. Yanvarın 17-də Monteneqro  parlamentinin sədri cənab Aleksa Beçiçin başçılıq etdiyi nümayəndə heyəti Milli Məclisdə olub. Görüşlər zamanı bir sıra məsələlər müzakirə edilib. Spiker bildirib ki, görüş zamanı o, həmkarına məlumat verib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu  44 günlük Vətən müharibəsində əzəli torpaqlarını Ermənistanın işğalından azad edib. BMT Təhlükəsizlik Şurasının uzun illər kağız üzərində qalan qətnamələrini Azərbaycan öz gücü ilə həyata keçirib, ərazi bütövlüyünü bərpa edib.

Görüşdə Sahibə Qafarova qeyd edib ki,  Ermənistanın 30 illik işğalından azad edilmiş ərazilərimizdə quruculuq və bərpa işləri aparılır. Biz Qafqazın bu bölgəsində, Azərbaycan Prezidentinin dediyi kimi, müharibədən deyil, sülhdən danışmaq istəyirik. Ümid edirik ki, Sülh Sazişi tezliklə imzalanacaqdır.

Monteneqro  parlamentinin sədri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəklədiyini vurğulayıb. O, Monteneqronun Azərbaycanın dostu olduğunu deyərək, ölkəmizin əldə etdiyi nailiyyətlər münasibəti ilə xalqımızı təbrik edib.

Görüş zamanı bir sıra digər məsələlər, o cümlədən parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, deputatların beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlığının və dəstəyinin davam etməsinin əhəmiyyəti barədə fikir mübadiləsi aparılıb.

Spiker diqqətə çatdırıb ki, yanvar ayının sonlarında Milli Məclisin nümayəndə heyəti Avropa Şurası Parlament Assambleyasının qış sessiyasında iştirak edib. Sessiyada nümayəndə heyətinin rəhbəri hörmətli Səməd Seyidov AŞPA-nın Monitorinq komitəsi sədrinin birinci müavini seçilib. Sahibə Qafarova bu münasibətlə həmkarını ürəkdən təbrik edib, dəyərli fəaliyyətində ona yeni uğurlar arzulayıb.

Milli Məclisin sədri bildirib ki, yaz sessiyasında bizi gərgin və maraqlı iş gözləyir. Sessiyanın qanunvericilik planı hazırlanıb və bu gün müzakirə ediləcək.

Spiker qeyd edib ki, bu sessiyada deputatlar qanun layihələrini müzakirə etməklə yanaşı, Konstitusiyanın və qanunların tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəklər.

Bundan əlavə, Milli Məclisin iclaslarından birində 2021-ci ilin dövlət büdcəsinin icrası haqqında məsələ müzakirəyə təqdim ediləcək. Sessiyada Hesablama Palatasının, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik hesabat və məruzələri  də dinləniləcək.

Bu sessiya ərzində də Milli Məclisin beynəlxalq əlaqələrini daha da möhkəmləndirmək və inkişaf etdirmək üçün lazımi tədbirlər görüləcək. Bu məqsədlə üzv olduğumuz beynəlxalq təşkilatlarda fəaliyyətimiz ardıcıl davam etdiriləcək, bir sıra xarici səfərlər həyata keçiriləcək, xarici ölkələrin parlament sədrləri və nümayəndə heyətləri isə Bakıda qəbul ediləcək. Həm Bakıda, həm də xarici ölkələrdə bizim iştirakımızla beynəlxalq  tədbirlərin  keçirilməsi nəzərdə tutulur.  

Spiker Milli Məclisin yaz sessiyasının yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib və sessiyada hamıya uğurlar arzulayıb.

Parlamentin sədri bildirib ki, bu gün 12 məsələ müzakirə olunacaq. Sonra iclasın gündəliyi qəbul edilib. Spiker qeyd edib ki, ilk 3 məsələ Milli Məclisin qərar layihələridir. O, deyib ki, parlament öz fəaliyyətini qanunvericilik işləri planı əsasında qurur və həmin plan hər növbəti sessiyanın birinci iclasında qəbul olunur. Gündəliyin birinci məsələsi məhz yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır. Plan 10 bənddən ibarətdir.

Milli Məclisin komitə sədrləri Siyavuş Novruzov, Musa Quliyev, deputatlardan Əli Məsimli, Fazil Mustafa, Elman Nəsirov, Naqif Həmzəyev, Bəhruz Məhərrəmov, Qüdrət Həsənquliyev, Vüqar Bayramov, Fəzail Ağamalı, Sahib Alıyev, Əziz Ələkbərov, Aydın Hüseynov, Vahid Əhmədov yaz sessiyasının qanunvericilik işləri planı haqqında fikirlərini açıqlayıblar. Sənədin mütərəqqi olduğunu deyən millət vəkilləri, burada əks olunan  məsələlərin aktuallığı, təklif olunan qanun layihələrinin əhəmiyyəti barədə danışıblar, bir sıra təkliflərini səsləndiriblər.

Milli Məclisin 2022-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında  Milli Məclisin qərar layihəsi səsə qoyularaq qəbul edilib.

Sonra spiker Sahibə Qafarova bildirib ki, Daxili Nizamnamənin 41-ci maddəsinə uyğun olaraq, Milli Məclisin İntizam komissiyası yaradılmalıdır.

Deputatlar İntizam komissiyasının yaradılması haqqında qərar layihəsini qəbul ediblər.

Parlamentin sədri qeyd edib ki, Daxili Nizamnamənin 40-cı maddəsinə əsasən, Milli Məclisin Hesablayıcı Komissiyası da yaradılmalıdır.

Hesablayıcı komissiyasının yaradılması haqqında qərar layihəsi də səsə qoyularaq qəbul edilib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti iki məsələsi beynəlxalq sənədlərin təsdiq edilməsi haqqında qanun layihələridir. Həmin layihələr bir oxunuşda qəbul ediləcək.

Parlamentin sədri bildirib ki, dördüncü məsələ bir millət, iki dövlət olan Azərbaycanla Türkiyə arasında münasibətləri müttəfiqlik səviyyəsinə yüksəltmiş və ikitərəfli əlaqələrin yeni strateji yol xəritəsini müəyyən etmiş Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsidir. Dost və qardaş xalqlarımızın arzu və niyyətlərinin bariz ifadəsi olan bu Bəyannamə ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafında tamamilə yeni səhifə açıb. Sədr qeyd edib ki, bugünkü iclasda Türkiyənin Azərbaycandaki səfirliyinin ikinci katibi Fadimə Gözde Çolaq iştirak edir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi haqqında məlumat verib. O, ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan bu sənədin  millətimiz və dövlətimiz üçün tarixi əhəmiyyət kəsb etdiyini deyib. Bildirilib ki, xalqımızın illərlə həsrətlə gözlədiyi, şəhidlərimizin qanı ilə qazanılmış, Ali Baş Komandan, Prezident İlham Əliyevin müstəsna xidməti və qəhrəmanlığı ilə yazılmış bu tarixi sənəd bu gün parlamentdə ratifikasiya olunmalıdır. Komitə sədri Şuşa Bəyannaməsini Azərbaycan dövlətçilik tarixinin ən mühüm sənədlərindən biri kimi qiymətləndirib. Bu gün gərgin olan beynəlxalq münasibətlərdə Türkiyə və Azərbaycan əlaqələrini müttəfiqlik səviyyəsinə yüksəldən bu tarixi sənədin  regionda yeni yaradılmış reallığın qorunması və inkişaf etdirilməsi istiqamətində əhəmiyyətindən danışan komitə sədri onu azad olunmuş Qarabağın müdafiəsini, Azərbaycanın gələcəyini ən yüksək səviyyədə təmin edən sənədlərdən biri kimi qiymətləndirib.

Deputatlar komitə sədri Səməd Seyidovun Şuşa Bəyannaməsi barədə məlumatını alqışlayaraq, öz dəstəklərini ifadə ediblər. Parlamentin sədri Sahibə Qafarova məsələyə münasibətində bildirib ki, biz – Altıncı çağırış Milli Məclisin deputatları çox xoşbəxtik ki, belə bir sənədə səs veririk.

Sonra “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə qanun layihəsi qəbul edilib.

İclasda komitə sədri Səməd Seyidov “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun  layihəsindən bəhs edib.

2021-ci il oktyabrın 11-də Belqrad şəhərində imzalanmış sazişə əsasən, hər bir tərəfin dövlətinin ümumvətəndaş pasportlarına malik olan vətəndaşları digər tərəfin dövlətinin ərazisinə daxil olmaq, oradan çıxmaq və ya tranzit keçmək və oraya ilk daxil olduğu tarixdən etibarən 180 günlük müddət ərzində 90 gündən artıq olmayaraq orada qalmaq üçün viza tələbindən azad edilir. Sənəd Azərbaycanla Serbiya arasında münasibətlərin inkişafının təşviq edilməsi və hər iki dövlətin vətəndaşlarının hərəkətinin asanlaşdırılması baxımından əhəmiyyətlidir.

“Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” Saziş səsə qoyularaq qəbul edilib.

Daha sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili  “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, sahibkarlıq sahəsində aparılan yoxlamalar 2022-ci il yanvarın 1-dək dayandırılmışdı. Qanuna edilən dəyişiklikdə  həmin müddətin daha bir il – 2023-cü il yanvarın 1-dək uzadılması təklif olunur. Qeyd edilib ki, bu sahədə yoxlamaların dayandırılması sahibkarlığın inkişaf etdirilməsi, şəffaflığın artırılması baxımından əhəmiyyətlidir.

Deputatlar Razi Nurullayev və İltizam Yusifov sənəd barədə fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq bir oxunuşda qəbul edilib.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov  “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirilib ki, sənəd Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında parlamentə daxil olub. Qanunun  9.6-cı maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrin hər biri üçün ayrılıqda dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi qaydası və təminat norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məsələnin vacibliyini qeyd edən komitə sədri beynəlxalq təcrübənin, eyni zamanda Vətən müharibəsi zamanı əldə olunan təcrübənin bu dəyişikliyi etməyə əsas verdiyini söyləyib.

Qanun layihəsi birinci oxunuşda qəbul olunub.

Parlamentin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti məsələsi ilə bağlı iclasda Bakı Nəqliyyat Agentliyi İdarə Heyətinin sədri Vüsal Kərimli və Agentliyin Hüquq şöbəsinin müdiri Daşqın İbadov iştirak edirlər.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov mahiyyətcə bir-birinə bağlı olan növbəti iki məsələ – “Yol hərəkəti haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihələri ilə bağlı ətraflı məlumat verib.

Diqqətə çatdırılıb ki, hər iki sənəd Azərbaycan Prezidentinin "Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2018-ci il 6 iyul tarixli Fərmanına əsasən hazırlanıb. Aparılan dəyişikliklər yol hərəkətinin təkmilləşdirilməsi, piyadaların təhlükəsizliyinin təmin edilməsi ilə əlaqədardır. Belə ki, “Yol hərəkəti haqqında” qanunun bir sıra maddələrinə dayanma, durma, parklanma, o cümlədən ödənişli parklanma ilə tənzimləmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq düzəlişlər təklif olunur. İnzibati Xətalar Məcəlləsində isə bu sahədə olan cərimələrin sərtləşdirilməsi nəzərdə tutulur.

Deputatlar Fazil Mustafa, Razi Nurullayev, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Rüfət Quliyev dəyişikliklər barədə fikirlərini, qeyd və təkliflərini bildiriblər.

Qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sonra Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin onuncu və on birinci məsələləri də Prezidentin bir məktubu ilə daxil olub və bu qanun layihələri də mahiyyətcə bir-birinə bağlıdır. Spiker qeyd edib ki, iclasda energetika nazirinin müavini Samir Vəliyev, Energetika Nazirliyinin Hüquq şöbəsinin müdiri İbrahim Ağayev və digər şəxslər iştirak edirlər.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov “Qaz təchizatı haqqında” qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsi ilə bağlı məlumat verib. Bildirib ki, sənəd dəm qazından zəhərlənmələrin və qaz partlayışı hadisələrinin profilaktikası üçün qanunvericiliyin təkmilləşdirilməsi məqsədilə hazırlanıb. O, qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının müayinəsi və texniki xidmətin səmərəliyinin yüksəldilməsinin, neqativ halların operativ aradan qaldırılmasının, qaz paylayıcısının məsuliyyətinin artırılmasının vacibliyini vurğulayıb. Qeyd edilib ki, qanunun müvafiq maddələrinə bir sıra dəyişikliklər edilib, yeni anlayışlar və tənzimləmələr təsbit olunub.

Diqqətə çatdırılıb ki, layihədə qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, havalandırma və havadəyişmə xətlərinin müayinəsi və onlara texniki xidmətlə bağlı səlahiyyətlərin aidiyyəti dövlət qurumlarından qaz paylayıcısına ötürülməsi təklif olunur.  Sənədə əsasən, istehlakçının qaz qurğularının və qaz xətlərinin, tüstü bacalarının, habelə havalandırma xətlərinin işçi vəziyyətdə olmasının və texniki təhlükəsizlik tələblərinə riayət olunması vəziyyətinin müəyyən edilməsi, o cümlədən nöqsan və pozuntuların aşkar edilməsi məqsədilə qaz paylayıcısı tərəfindən müayinənin ödənişsiz həyata keçirilməsi də təklif edilir.

Bundan əlavə, layihədə ixtisaslaşdırılmış podradçıya dair tələblər, müayinəyə və texniki xidmətə nəzarətin həyata keçirilməsinə, istehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanmasına dair müddəalar da öz əksini tapıb.

Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov  İnzibatı Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında (birinci oxunuş) qanun layihəsi barədə məlumat verib. Bildirilib ki, Məcəlləyə qaz qurğuları və qaz xətlərinə, tüstü bacalarına, habelə havalandırma və havadəyişmə xətlərinə texniki xidmət qaydalarına əməl edilməməsi ilə bağlı 279.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunur.

Bununla yanaşı, ətraf mühitə, insanların sağlamlığına və onların əmlakına təhlükə yarada bilən neqativ halların vaxtında müəyyən edilməsi, həmin halların aradan qaldırılması, həmçinin bu sahəyə nəzarətin gücləndirilməsi məqsədi ilə Məcəllənin 542-ci maddəsi yeni redaksiyada təklif olunur. Dəyişikliyə əsasən, fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək, vəzifəli şəxslərin min manatdan min beş yüz manatadək, hüquqi şəxslərin iki min beş yüz manatdan üç min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Deputatlar Soltan Məmmədov və Razi Nurullayev dəyişikliklərə münasibət bildirdikdən sonra hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, növbəti məsələ “Dini etiqad azadlığı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Bu məsələ ilə əlaqədar iclasda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov iştirak edir.

Sonra Milli Məclis sədrinin müavini, İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli qanun layihəsini birinci oxunuşda təqdim edib. Bildirib ki, qanunun beş maddəsində dəyişiklik edilir və bu dəyişiklikləri şərti olaraq 3 qrupa bölmək olar. Belə ki,  qanunun 8-ci maddəsinə görə, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadimlərinin təyin edilməsi əvvəl dini mərkəzdə idisə, bu səlahiyyətlər dəyişiklikdən sonra dini komitəyə ötürüləcək.

Qanunun 9-1.4-cü maddəsinə təklif edilən dəyişikliyə görə, dini qurumun hüquqi ünvanı dəyişdikdə, bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana  10 gün müddətində məlumat verilməlidir. 12-ci maddənin ikinci və üçüncü hissələrində də müəyyən  dəyişikliklər aparılıb. Yeni redaksiyada verilmiş mətndə deyilir ki, dini qurumlar dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təsis protokolu, nizamnaməsi, habelə “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş digər sənədlər əlavə olunmuş ərizə ilə müraciət edir. Dini icmaların təqdim etdiyi ərizəyə onu təsis etmiş azı əlli nəfər yetkinlik yaşına çatmış şəxs və ya onların səlahiyyətli nümayəndələri, habelə vətəndaşlığı, yaşayış yeri və doğum tarixi göstərilməklə dini icmanı təsis edən şəxslərin siyahısı, şəxsiyyətlərini təsdiq edən sənədlərin surəti, dini təlimin əsasları, o cümlədən dini icmanın yaranması tarixi, onun fəaliyyətinin forma və metodları, ənənələri, ailəyə, nikaha və təhsilə münasibət, həmin icmanın üzvlərinin hüquq və vəzifələrinə qoyulan məhdudiyyətlər barədə məlumatlar əlavə edilir.

Qanunun 18-ci maddəsinə edilən əlavəyə görə isə, ianə edilmiş pul vəsaitlərinin dini qurumlar tərəfindən qəbul edilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi orqan müəyyən edir. Həmçinin müasir çağırışlara uyğun olaraq, dini qurumların ianələri yalnız ənənəvi üsullarla deyil, bank, poçt, plastik kart, elektron ödəmə sistemləri, yaxud internet vasitəsilə qəbul edilə bilər.

Deputatlar Ceyhun Məmmədov, Tahir Rzayev, Etibar Əliyev, Məlahət İbrahimqızı, Fazil Mustafa, Azər Badamov, Azay Quliyev sənəd barədə fikirlərini və qeydlərini diqqətə çatdırıblar.

Müzakirələrin sonunda qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Bununla da Milli Məclisin yaz sessiyasındakı ilk iclası başa çatıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU