Ağdaşda şəhid polkovnik-leytenant Atəm Əliyevin xatirəsi anılıb

Tədbirlər
02 fevral 2022 | 12:22   
Paylaşın:        
Ağdaş şəhərində Vətən müharibəsi şəhidi polkovnik-leytenant Atəm Vaqif oğlu Əliyevin anım mərasimi keçirilib.
 
Mərasimdə Milli Məclisin deputatı Cavid Osmanov, şəhid ailələrinin üzvləri, şəhidin döyüş yoldaşları, qazilər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidimizin əziz xatirəsi ehtiramla anılıb, ruhuna dualar oxunub, keçdiyi döyüş yolundan bəhs edilib, onunla bağlı xatirələr dilə gətirilib.
 
Deputat Cavid Osmanov şəhidin ailəsinin dərdinə şərik olub, onların qayğıları ilə yaxından maraqlanıb.
 
Qeyd edək ki, Azərbaycan Ordusunun polkovnik-leytenantı Atəm Əliyev 1982-ci ildə Ağdaş rayonunun Abad kəndində anadan olub. 1996-2000-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb. Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə savaşan Atəm Əliyev oktyabrın 2-də şəhid olub. Uzun müddətli axtarışdan sonra onun nəşi tapılaraq 2021-ci il yanvarın 25-də doğulduğu Ağdaş rayonunun Abad kəndində dəfn olunub.
 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə şəhid polkovnik-leytenant Atəm Vaqif oğlu Əliyev ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”  və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunub.
 
Atəm Əliyevin bir oğul və bir qız övladı yadigar qalıb.
 
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU