Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasının Baş naziri ilə görüşüb

Sədrin səfərləri
03 fevral 2022 | 13:32   
Paylaşın:        

Milli Məclisin sədri Sahibə Qafarova Latviya Respublikasına rəsmi səfər çərçivəsində bu ölkənin Baş naziri Arturs Krişyanis Karinş ilə görüşüb.

Baş nazir Azərbaycan nümayəndə heyətini salamlayaraq, qarşılıqlı səfərlərin əhəmiyyətli olduğunu vurğulayıb və əmin olduğunu bildirib ki, bu səfər ölkələrimiz arasındakı münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Latviyanın Azərbaycanla münasibətlərə böyük əhəmiyyət verdiyini bildirən Baş nazir 15 il əvvəl iqtisadiyyat naziri kimi, Azərbaycana səfər etdiyini xatırladıb. O, ötən dövr ərzində Azərbaycanın böyük inkişaf yolu keçdiyini və bu gün geniş iqtisadi potensiala malik olduğunu vurğulayıb. Arturs Krişyanis Karinş  deyib ki, bu gün ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq yüksələn xətlə inkişaf edir. O, Latviyanın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyini, bundan sonra da mövqeyinə sadiq qalacağını qeyd edib.

Baş nazir Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını, Avropanın enerji təhlükəsizliyinə töfhələrini, COVİD-19 qlobal pandemiyasına qarşı mübarizədəki rolunu yüksək qiymətləndirib, iki ölkə arasında iqtisadi əlaqələrin daha da dərinləşdirilməsi üçün yaxşı imkanların olduğunu söyləyib.

Səmimi qəbul və ölkəmiz haqqında xoş sözlərə görə təşəkkür edən Milli Məclisin sədri Sahibə Qafarova Azərbaycanın parlament sədri kimi Latviyaya ilk səfərindən məmnunluğunu bildirib və bu səfərin ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Milli Məclisin sədri Azərbaycan və Latviyanın dost və strateji tərəfdaş ölkələr olduğunu vurğulayıb, ölkəmizin ərazi bütövlüyünə dəstəyini yüksək qiymətləndirib. Spiker iki ölkə arasında münasibətlərin bir çox sahələri əhatə etdiyini söyləyib, xüsusilə iqtisadi sahədə əməkdaşlığın daha da genişləndirilməsi üçün geniş potensialın olduğunu deyib. Bu gün Azərbaycanda Latviya investisiyaları üçün yaxşı imkanların olduğunu bildirən Milli Məclisin sədri Azərbaycanda həyata keçirilən layihələr, o cümlədən, Ələt iqtisadi zonası, işğaldan azad edilmiş ərazilərdə yaradılan yaşıl enerji zonası, sənaye, aqroparklar haqqında məlumat verib. Latviya şirkətlərini bu layihələrdə iştirak etməyə dəvət edib. Həmçinin, hökumətlərarası komissiyanın fəaliyyətinin və biznes forumların davam etdirilməsinin əhəmiyyətini vurğulayıb.

Sahibə Qafarova Latviyanın Avropa İttifaqına üzvlüyünü nəzərə alaraq, Azərbaycan ilə Aİ arasında əlaqələr haqqında da məlumat verib.

Görüşdə 44 günlük Vətən Müharibəsində Azərbaycanın qazandığı tarixi qələbə haqqında da danışan Milli Məclisin sədri bildirib ki, Azərbaycan bu qələbə sayəsində öz ərazilərini 30 il davam edən erməni işğalından azad edərək ərazi bütövlüyünü bərpa edib, BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsini, beynəlxalq hüququn norma və prinsiplərini öz gücü hesabına yerinə yetirib.

Sahibə Qafarova diqqətə çatdırıb ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil. 10 noyabr 2020-ci il tarixdə imzanalanmış üçtərəfli bəyanat münaqişəyə son qoyub və 44 günlük Vətən müharibəsi regionda yeni reallıqlar yaradıb. İndi Azərbaycan öz imkanları hesabına işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq və bərpa işləri həyata keçirir. Azərbaycan artıq Ermənistana bir-birinin suverenliyi və ərazi bütövlüyünün qarşılıqlı tanınması, sərhədlərin delimitasiyası və demarkasiyası prosesinə başlanması, regionda bütün kommunikasiyaların bərpası və münasibətlərin normallaşmasına gətirib çıxaracaq sülh sazişinin imzalanması ilə bağlı bir sıra təkliflər verib. Spiker deyib ki, Azərbaycan müharibədən yox, sülh və gələcək haqqında danışmaq istəyir. O, ümid etdiyini bildirib ki, Ermənistan regionda yeni reallığı dərk edəcək, sülh və sabitliyin bərqərar olması istiqamətində bizim yanaşmamızı dəstəkləyəcək.

Görüşdə Milli Məclisin sədri həmçinin, regionda nəqliyyat və yeni kommunikasiya imkanları haqqında məlumat verib. Zəngəzur dəhlizinin strateji əhəmiyyəti barədə danışıb.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU