Suraxanıda şəhid Mahir Məmmədovun xatirəsinə inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimi olub
Suraxanı rayonu Qaraçuxur qəsəbəsinin Yeni Günəşli "D" yaşayış sahəsində Vətən müharibəsində Azərbaycanın Zəfər tarixini qanları ilə yazan oğullarımızdan biri Mahir Ağasəlim oğlu Məmmədovun adının əbədiləşdirilməsi məqsədilə inşa edilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib.
Mərasimdə Milli Məclisin deputatları Sevinc Fətəliyeva və Etibar Əliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər bildiriblər ki, Ali Baş Komandan cənab İlham Əliyevin dönməz iradəsi, uzaqgörən rəhbərliyi, ordumuzun hünəri və qətiyyəti sayəsində torpaqlarımız işğaldan azad edildi. Bu gün şəhidlərimizin ruhu şaddır. Məhz belə vətənpərvər igidlərimizin canı-qanı bahasına bu gün torpaqlarımız işğaldan azad olunub.
Qeyd edək ki, 2003-cü ildən Azərbaycan ordusunda hərbçi kimi xidmət edən Mahir Məmmədov 2016-cı ilin Aprel döyüşlərində də düşmənə qarşı igidliklə savaşıb. Vətən müharibəsi başlayan ilk gündən döyüşlərə qoşulub və şəxsi şücaət nümayiş etdirərək düşmənin hərbi obyektlərinin məhv edilməsində fəallıq göstərib. Döyüşlərin birində baş nahiyəsindən ağır yaralanan qəhrəman döyüşçü 12 gün komada qaldıqdan sonra oktyabrın 17-də şəhidlik zirvəsinə ucalıb. Şəhid baş gizir Mahir Məmmədov doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Şıxhaput kəndində dəfn olunub.
Şəhid baş gizir Mahir Məmmədov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi