MİLLİ MƏCLİSİN SƏDRİ SAHİBƏ QAFAROVA ESTONİYA PARLAMENTİNİN SPİKERİ İLƏ GÖRÜŞÜB

Sədrin səfərləri
07 fevral 2022 | 18:48   
Paylaşın:        

Fevralın 7-də Milli Məclisin sədri Sahibə Qafarova Estoniyaya rəsmi səfəri çərçivəsində bu ölkə parlamentinin (Riigikoqu) sədri Yüri Ratas ilə görüşüb.

Estoniya parlamentinin spikeri Milli Məclisin sədrini və Azərbaycan nümayəndə heyətini salamlayaraq, Azərbaycanın Estoniya üçün dost ölkə olduğunu bildirib. Estoniyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran Riigikoqun sədri deyib ki, Estoniya Azərbaycanla müxtəlif istiqamətlərdə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlıdır. Yüri Ratas iki ölkə arasında münasibətlərin inkişafında qarşılıqlı səfərlərin xüsusi əhəmiyyətini qeyd edib, parlamentlərarası münasibətlərin daha da gücləndirilməsinin vacibliyindən danışıb.

Yüri Ratas Estoniyada yaşayan azərbaycanlıların ölkə cəmiyyətinə fəal inteqrasiyasından razılığını bildirərək, qeyd edib ki, bu, xalqlarımız arasında əlaqələrə müsbət təsir edir. O, həmçinin diqqətə çatdırıb ki, Estoniya şirkətləri Azərbaycanda həyata keçirilən layihələrdə, o cümlədən, işğaldan azad olunmuş ərazilərin bərpasında iştirak etməkdə maraqlıdır.

Sahibə Qafarova Estoniyaya dəvətə və nümayəndə heyətinə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Spiker bu səfərin onun Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi Estoniyaya ilk rəsmi səfəri olduğunu qeyd edib və ümidvar olduğunu bildirib ki, bu səfər ikitərəfli əlaqələrin, həmçinin parlamentlərarası münasibətlərin inkişafına öz töhfəsini verəcək.

Sahibə Qafarova bu günlərdə 104-cü ildönümü tamam olacaq müstəqillik günü münasibətilə təbriklərini çatdırıb. Bildirib ki, bu il həm də Azərbaycan və Estoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Bu illər ərzində ölkələrimiz arasında münasibətlər uğurla inkişaf edib.

Milli Məclisin sədri qeyd edib ki, Azərbaycan ilə Estoniya arasında ikitərəfli və çoxtərəfli münasibətlərə müsbət təsir göstərən amillərdən biri də parlamentlərimiz arasında mövcud olan uğurlu əməkdaşlıqdır. Bu gün qanunvericilik orqanlarımız arasında münasibətləri daha da dərinləşdirmək üçün yaxşı imkanlar var. O, bu sahədə parlament dostluq qruplarının rolunu müsbət qiymətləndirib. Söhbət zamanı Sahibə Qafarova parlamentlərimizin beynəlxalq təşkilatlar çərçivəsindəki qarşılıqlı əməkdaşlığından razılığını ifadə edib.

Estoniya parlamentinin Azərbaycanla dostluq qrupunun nümayəndə heyətinin 2021-ci ilin noyabrında ölkəmizə səfərindən danışan Sahibə Qafarova estoniyalı deputatların Ağdam şəhərində Ermənistanın törətdiyi vandallıqları gözləri ilə gördüklərini deyib. Azərbaycan parlamentinin rəhbəri dostluq qrupunun Xocalı soyqırımı, həmçinin ərazilərimizin işğaldan azad edilməsinin 1-ci ildönümü münasibətilə bəyanatlarının ölkəmizdə yüksək qiymətləndirildiyini vurğulayıb. Söhbət zamanı Sahibə Qafarova 30-cu ildönümü yaxınlaşan Xocalı soyqırımı barədə ətraflı məlumat verib.

Görüşdə  Milli Məclisin sədri Azərbaycanın 44 günlük Vətən müharibəsi nəticəsində qazandığı Qələbədən danışaraq diqqətə çatdırıb ki, bu gün Ermənistanla Azərbaycan arasında münaqişə artıq mövcud deyil. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanat münaqişəyə son qoyub. Artıq regionda yeni reallıq yaranıb. İndi müharibədən yox, sülh və gələcək inkişaf haqqında danışmalıyıq. Sahibə Qafarova deyib ki, Ermənistan regionda yeni reallığı qəbul etməlidir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU