Milli Məclis sədrinin müavini Adil Əliyev Pirşağı qəsəbəsində şəhid Əli Heydərovun anım mərasimində iştirak edib
Fevralın 9-da Pirşağı qəsəbəsində şəhid Əli Heydərovun ad günü münasibətilə anım mərasimi keçirilib. Tədbirdə Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə iştirak edənlər şəhid Əli Vaqif oğlu Heydərovun döyüş yolundan bəhs ediblər, onunla bağlı xatirələri yada salıblar.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Adil Əliyev şəhid Əli Heydərovun Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi Rəşadətli Azərbaycan Ordusunun sıralarında 44 günlük Vətən müharibəsində döyüşərək qəhrəmancasına şəhid olmasından, belə qəhrəmanlarımızın şücaəti hesabına əzəli və əbədi Vətən torpaqlarının düşmən işğalından azad edilməsindən danışıb. Vətən müharibəsinin tariximizin ən şanlı səhifələrindən biri olduğunu deyən vitse-spiker qazanılmış bu möhtəşəm Qələbə ilə ölkəmizin öz ərazi bütövlüyünü bərpa etdiyini, dövlətimizin öz gücünü dünyaya göstərdiyini vurğulayıb.
Vətən müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərinə toxunan sədr müavini görülən işlərin Qarabağımıza yeni nəfəs verdiyini qeyd edib. Vurğulanıb ki, şəhid ailələri və qazilər hər zaman Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqəti və qayğısı ilə əhatə olunub. Vitse-spiker bildirib ki, şəhidlərimizin müqəddəs xatirəsinin əziz tutulması, onlara yüksək hörmət və ehtiram göstərilməsi hər birimizin vətəndaşlıq borcudur.
Tədbirin sonunda şəhid Əli Heydərovun anası, eləcə də digər şəhid ailələri və qazilər, göstərilən yüksək diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını bildiriblər.
Qeyd edək ki, şəhid Əli Heydərov Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “İgidliyə görə”, "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi