Milli Məclisdə İraq nümayəndə heyəti ilə görüş keçirilib

Tədbirlər
10 fevral 2022 | 17:37   
Paylaşın:        

Fevralın 10-da Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov İraq xarici işlər nazirinin müavini Nazar Xeyrullahın rəhbərlik etdiyi İraq nümayəndə heyəti ilə görüşüb.

Qonaqları salamlayan Səməd Seyidov xalqlarımızı bir-birinə bağlayan tarixi, mədəni dəyərlərdən söz açıb.  Azərbaycan və İraq arasında siyasi əlaqələrin yüksək səviyyədə olmasını qeyd edən komitə sədri İraqın beynəlxalq təşkilatlarda Azərbaycanı dəstəkləyən mövqe nümayiş etdirməsinə görə təşəkkürünü ifadə edib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri iki dost ölkə arasında iqtisadi münasibətlərin və ticarət dövriyyəsinin mövcud səviyyəsinin artırılması üçün böyük potensialın mövcudluğunu qeyd edib.

Ölkələrimiz arasında parlamentlərarası əlaqələrdən danışan Səməd Seyidov bildirib ki, Milli Məclisin  həm Beynəlxalq əlaqələr komitəsi, həm İraqla parlamentlərarası əlaqələr üzrə işçi qrupu bu münasibətlərin intensivləşməsinə öz töhfələrini verməyə hazırdır.

Görüşdə Azərbaycan-İraq parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü  Anar İsgəndərov çıxış edərək ölkələrimizin qədim tarixindən, ortaq mənəvi dəyərlərimizdən danışıb. Anar İsgəndərov İraqın yeni seçilmiş parlamentinə uğurlar diləyib.

Səmimi qəbula görə təşəkkürünü bildirən İraq xarici işlər nazirinin müavini Nazar İsa Abdulhadi Al-Xeyrullah ölkələrimiz arasındakı dostluq və qardaşlıq münasibətlərini vurğulayaraq bu yaxınlarda İraqda keçirilən növbədənkənar parlament seçkiləri, parlament strukturlarının təşkili barədə məlumat verib. O, İraqın Azərbaycanla müxtəlif sahələrdə, xüsusən də iqtisadi sahədə əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.

Söhbət zamanı qarşılıqlı əlaqələrin inkişaf etdirilməsi perspektivləri və tərəfləri maraqlandıran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Görüşdə Azərbaycanın İraq Respublikasındakı müvəqqəti işlər vəkili Nəsir Məmmədov, İraqın Azərbaycan Respublikasındakı müvəqqəti işlər vəkili Maki Ressan Al-Mamori və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU