Regional məsələlər komitəsinin iclasında

Komitə iclasları
11 fevral 2022 | 16:05   
Paylaşın:        

Fevralın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Siyavuş Novruzov bildirib ki, iclasın gündəliyinə “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələrinin birinci oxunuşda müzakirəsi daxil edilib.

Gündəliyin təsdiqindən sonra komitə sədri qanun layihələrini deputatlara təqdim edib. Siyavuş Novruzov bildirib ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə idarəetmə sahəsində aparılan mütərəqqi islahatlar şəffaflığın artırılmasına, qanunçuluğun möhkəmləndirilməsinə, vətəndaş-dövlət münasibətlərinə mənfi təsir göstərən halların aradan qaldırılmasına yönəlib. Bu cəhətdən Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi ilə bağlı komitənin bugünkü iclasının müzakirəsinə çıxarılan qanun layihələri idarəetmənin təkmilləşdirilməsi sahəsində aparılan islahatların tərkib hissəsidir.

Məlumat verilib ki, “Gəncə şəhərinin inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsində (birinci oxunuş) şəhərin tərkibindəki Kəpəz və Nizami rayonlarının ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılması təklif olunur. Ləğv edilən Nizami rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri müvafiq olaraq Gəncə şəhəri tərkibində 1 və 2 nömrəli sahə inzibati ərazi dairələri hesab edilir. Habelə, ləğv edilən Kəpəz rayonunun tərkibindəki 1 və 2 nömrəli sahə, Cavadxan, Hacıkənd, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri də müvafiq olaraq Gəncə şəhəri tərkibində 3 və 4 nömrəli sahə, Cavadxan, Hacıkəndə, Məhsəti, Natəvan, Sadıllı, Şıxzamanlı qəsəbə inzibati ərazi dairələri hesab edilir.

Komitə sədri bildirilib ki, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də Gəncə şəhərinin inzibati ərazi bölgüsündəki dəyişikliklərlə əlaqədar hazırlanıb. Gəncə şəhərinin Kəpəz və Nizami rayonlarının ləğvi ilə əlaqədar bələdiyyələrin siyahısında da müvafiq uyğunlaşdırma xarakterli düzəlişin aparılması nəzərdə tutulub.

Müzakirə edilən qanun layihələri ilə bağlı Regional məsələlər komitəsi sədrinin müavini Elşən Musayev, komitə üzvləri Tahir Rzayev, Malik Həsənov, Emin Hacıyev, Səbinə Xasayeva, Nizami Cəfərov, Aqil Məmmədov, Səttar Möhbalıyev çıxış ediblər, təklif edilən dəyişikliklərlə bağlı rəylərini bildiriblər.

Deputatlar Nizami və Kəpəz rayonlarının ləğv edilərək onların inzibati ərazi dairələrinin Gəncə Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsini cənab Prezident İlham Əliyev tərəfindən idarəetmənin effektivliyinin və operativliyinin təmin edilməsi məqsədilə həyata keçirilən islahatların davamı kimi xarakterizə ediblər. Millət vəkilləri Gəncədə vahid idarəetmənin təşkilinin onun gələcək inkişafı baxımından səmərəli olacağına inamlarını bildiriblər.

Müzakirələrin sonunda hər iki qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

İclasda Regional məsələlər komitəsinin üzvü Əliabbas Salahzadə və digər rəsmi şəxslər də iştirak ediblər.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi



Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU