Çin parlamentinin sədri Milli Məclisin sədri Sahibə Qafarovaya təbrik məktubu ünvanlayıb

Sədrin görüşləri
12 fevral 2022 | 11:27   
Paylaşın:        

Çin Xalq Respublikası Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Li Canşu Milli Məclisin  sədri Sahibə Qafarovanın adına təbrik məktubu ünvanlayıb.

Məktubda Çin parlamentinin sədri ötən il noyabrın 28-də İspaniyanın paytaxtı Madrid şəhərində keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin təsis iclası barədə öz fikirlərini açıqlayıb. O, tədbirin müvəffəqiyyətlə keçirildiyini və uğurlu nəticələr əldə edildiyini bildirib. Azərbaycan Respublikasının Milli Məclisi və onun sədri Sahibə Qafarovanın Qoşulmama Hərəkatına üzv ölkələrin parlamentləri arasında əməkdaşlığın genişləndirilməsində səylərini yüksək qiymətləndirib.

Li Canşu Çinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin gələcək fəaliyyətində Azərbaycanı dəstəklədiyini bildirib. Ölkəsinin yeni yaradılmış quruma üzv ölkələrin parlamentləri ilə də sıx münasibətlər qurmağa hazır olduğunu deyib. O, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi çərçivəsində dünyada multilateralizmin inkişafı və  sülhün bərqərar olması üçün üzv ölkələrin birgə səylərinin vacibliyini vurğulayıb.

Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi


Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU