Milli Məclis sədrinin müavini Adil Əliyev şəhidin anım tədbirində iştirak edib
Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən Yusif Sadıqov, şəhid ailələrinin üzvləri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri şəhid Əkbər Quliyevin anım mərasimində iştirak ediblər.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin müavini Adil Əliyev Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərimizin azad edilməsi uğrunda gedən Vətən müharibəsində igid əsgərlərimizin döyüş meydanında göstərdiyi qəhrəmanlıqlardan danışıb. O, Ermənistanın mütəmadi olaraq ölkəmizə qarşı ərazi iddiaları ilə çıxış etdiyini, beynəlxalq hüquq normalarını kobudcasına pozduğunu, beynəlxalq təşkilatlar tərəfindən qəbul edilmiş qətnamələrin kağız üzərində qaldığını bildirərək, Vətən müharibəsində ölkəmizin öz gücünə ərazi bütövlüyümüzü bərpa etdiyini, suverenliyimizin bərqərar edildiyini vurğulayıb.
Parlamentin vitse-spikeri dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, xalqımızın şəhidlərimizə olan dərin hörmət və ehtiramından bəhs edib, onların heç zaman unudulmayacağını bildirib.
Tədbirin sonunda şəhid ailələrinin üzvləri onlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, Azərbaycan Ordusunun kiçik çavuşu olmuş Əkbər Quliyev Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib və sentyabrın 27-də qəhrəmancasına şəhid olub. Uzun müddətdən sonra nəşi tapılan şəhidimiz, 2021-ci il fevralın 16-da II Şəhidlər Xiyabanında dəfn olunub.
Şəhid Əkbər Quliyev Vətən müharibəsində göstərdiyi şəxsi igidliyi və şücaətinə görə Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamları ilə "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" və "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edilib.
Milli Məclisin Mətbuat və
ictimaiyyətlə əlaqələr şöbəsi